Çində dünyanın ən dərin kanyonu üzərindən sürət yolu çəkilib

17 May 2021 15:50 (UTC+04:00)

Çinin “China Huaneng” kompaniyası Tibetdə sürətli avtomobil yolunun dünyada ən dərin kanyon – Yarlung Tsangpo üzərindən keçən hissəsinin inşasını başa çatdırıb.

AZƏRTAC “Global Times” qəzetinə istinadla xəbər verir ki, 67 kilometrlik hissəni magistral yolla birləşdirmək üçün yeddi il vaxt lazım gəlib. Layihəyə təxminən 2 milyard yuan (310 milyon dollar) sərmayə qoyulub. Avtomobil yolu Tibet Muxtar Rayonunun cənub-şərqindən, yer üzündə ən dərin (6 min metrdən çox) çay vadisinin yerləşdiyi Nyingchi şəhər dairəsinin ərazisindən keçir.

Yeni avtomobil magistralın əsas obyekti uzunluğu təxminən 2,1 kilometr olan tuneldir. Magistral Nyingchi şəhərindən Medog bələdiyyəsinə gedən yolu təxminən iki dəfə - 346 kilometrdən 180 kilometrə qədər qısaldacaq və sürücülərin sərf etdiyi vaxtı bir neçə saat azaldacaq.