Şuşada “Xarıbülbül” festivalı

17 May 2021 17:17 (UTC+04:00)

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 2021-ci il 12-13 may tarixlərində “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir.

30 illik ayrılıqdan sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev festivalın açılışında nitq söyləyərək qeyd etdi ki, “Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Bu ildən başlayaraq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubleyi qeyd olunacaq.

Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər.

30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.

Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür.

Biz hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik.

Bəllidir ki, Ermənistanın rəsmi təbliğatı, xüsusi qurumları münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik, linqvistik icmalararasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparmış, bu məqsədlə mərkəzlər, təşkilatlar,

KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdir. Bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstərmişlər.

44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu. Eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının da nə qədər düzgün siyasət olmasını sübut etdi.

Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi vardır. Azərbaycan Prezidentinin tövsiyəsi ilə bu ilki “Xarinbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi.

Prezident İlham Əliyev qeyd etdi ki, “Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.

Bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar.

Bu qayıdışın digər bir simvolik başlanğıcı da Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınmasıdır.

İndi Şuşanın Yuxarı Gövhərağa məscidində, işğaldan azad olunmuş digər ərazilərimizdə azan səsləri ucalır. Artıq məscidlərdə bayram namazı qılınır. Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik.

Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur.”

Müharibə gedən dövrdə mən də bütün azərbaycanlılar kimi möhtərəm Prezidentimiz İlham Əliyevə məktub yazmışdım. Bərdəyə raketlər atılan, dinc əhalinin də hədəfə alındığı zamanda Qarabağımızın azad olunacağına inamımızı ifadə edərək belə yazmışdım: Cənab Ali Baş Komandan! İnanırıq ki, Sizin rəhbərliyinizlə və qüdrətli Ordumuzun şücaəti ilə torpaqlarımızı azad edəcəyik və Qarabağı gülüstana çevirəcəyik.. Arzu edirəm ki, Əsgərlərimizə həmin ərazilərdə toy çadırları qurulsun və qədim el havasında deyildiyi kimi: “Axşamüstü qoy uzaqdan, Havalansın Xanın səsi, Qarabağın şikəstəsi.”

Yəqin ki, Xarıbülbül festivalında səslənən Qarabağ şikəstəsinin sədaları uzaqlara yayıldıqca nisgilli şəhid ruhları şad oldu, doğma torpaqlarımız sevindi. Torpaqlarımızın azadlığı uğrunda canınından keçən şəhidlərin ruhu qarşısında baş əyir, yaralı qazilərimizə şəfalar diləyirəm.

Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!

Arifət ƏHMƏDOVA

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru