Ramana qəsəbəsində Mərkəzi küçə əsaslı şəkildə təmir olunub

24 May 2021 13:40 (UTC+04:00)

Sabunçu rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq təmiri nəzərdə tutulan küçələrdən biri Ramana qəsəbəsinin Mərkəzi küçəsi idi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən burda əsaslı yenidənqurma işləri icra olunub.

Uzunluğu 700, eni isə 9 metr təşkil edən sözügedən küçə qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunur və keçdiyi ərazi üzrə xüsusi əhəmiyyətə malikdir.

Torpaq örtüklü olan küçə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınıb. Ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsası inşa edilib.

Bundan başqa vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilib, küçə boyu 22 kəsişmə ilə bərabər səkilərin kənarlarına 2 min metrdən çox səki daşı düzülüb.