KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsinə başlanılıb

24 May 2021 15:54 (UTC+04:00)

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə başlanılıb və bu məqsədlə elan edilmiş ilk müsabiqənin qalibləri ilə müqavilələr imzalanıb. Müvafiq vəsait müsabiqə qaliblərinin bank hesablarına köçürüləcəkdir.

Movqe.az-a bildirilib ki, bununla bağlı mayın 24-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və müsabiqə qaliblərinin iştirakı ilə tədbir keçirilib. Müsabiqənin qaliblərini təbrik edən Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün ilk müsabiqə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş qaydalara əsasən təşkil olunub. Vurğulanıb ki, ilk müsabiqə olmasına baxmayaraq, sahibkarlar tərəfindən müsabiqəyə maraq böyük olub.

Ümumilikdə müsabiqəyə 329 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 129-u hüquqi, 193-ü fiziki şəxslərə, o cümlədən 319-u mikro və 3-ü kiçik sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 128-i təhsil, 99-u dəstək, 32-si tədqiqat, 5-i elm, 65-i isə çoxsahəli layihələrdir.

Ekspert Komissiyasının kollegial qərarına uyğun olaraq, 15 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Layihələr yanacağa qənaət, müxtəlif qurğuların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması, qadınların məşğulluğunun təmin edilməsi istiqamətlərini əhatə edir. Hər layihənin ayrı-ayrılıqda maliyyələşdirilməsi üçün minimum 14 min, maksimum 20 min manat həcmində vəsait ayrılıb. KOB subyektlərinin müsabiqə barədə məlumatlandırılması və layihələrin hazırlanmasına dəstək məqsədilə Agentlik tərəfindən maarifləndirici tədbirlər görülüb, o cümlədən vebinar keçirilib, KOB inkişaf mərkəzləri tərəfindən sahibkarlara məsləhət xidmətləri göstərilib, layihələrin hazırlanması mövzusunda təlimlər təşkil olunub.

Orxan Məmmədov qeyd edib ki, Agentlik layihələrin davamlı və KOB sektoru üçün faydalı olmasında, eləcə də mexanizmin səmərəli dəstək tədbiri kimi inkişafında maraqlıdır. Agentlik tərəfindənlayihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunacaq. Belə ki, şəffaflığın və hesabatlığın təmin edilməsi məqsədilə monitorinqlər aparılacaq və layihələrin icrası prosesi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaqdır.Həmçinin qeyd olunub ki, müsabiqənin qalibləri əlavə dəstək kimi KOBİA-ya müraciət edərək “Startap” şəhadətnaməsi ala bilərlər. “Startap” şəhadətnaməsi müsabiqə qaliblərini 3 il müddətinə innovativ fəaliyyətdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edəcəkdir.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev mərkəzin fəliyyəti barədə məlumat verərək, müsabiqənin qaliblərininmərkəzin təqdim etdiyi xidmətlərdən də istifadə edə biləcəklərini qeyd edib.

Qeyd:Mikro, kiçik və orta sahibkarlıq subyektlərinintəhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ilk müsabiqəyə sənəd qəbulu 17 fevral -18 mart tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 19 mart -23 aprel tarixlərində həyata keçirilib, 30 aprel tarixində isə Ekspert Komissiyasının ilk iclası keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı müvafiq meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları,layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğuvə digər bu kimi amillər əsas götürülüb.