AzTU və Qazi Universiteti arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb

24 May 2021 18:00 (UTC+04:00)

Azərbaycanda səfərdə olan Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Movqe.az-ın məlumatına görə, Şəhidlər xiyabanına gələn qonaqlar torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib.

Qonaqlar Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət edib.

Qazi Universitetinin nümayəndə heyətinin iştirakı ilə Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən görüşdə qonaqları salamlayan rektor Vilayət Vəliyev ali təhsil müəssisələri arasında əməkdaşlığın  tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım olduğunu bildirib.

Qazi Universitetinin rektoru Musa Yıldız qardaş ölkədə səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, bu gün imzalanacaq müqavilə universitetlər arasında əməkdaşlığın inkişafına daha da təkan verəcək.

Görüş çərçivəsində universitetlər arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb.

Müqaviləni AzTU-nun rektoru Vilayət Vəliyev və Qazi Universitetinin rektoru Musa Yıldız imzalayıb.

Qeyd edə ki, ikili diplom proqramına hər iki universitetin mühəndislik proqramları arasında əməkdaşlıq daxildir.

Sənədə əsasən, hər iki universitetin müəllim və tələbələri arasında təhsil və elm sahəsində yeni imkanlar və mədəni əlaqələrin inkişaf etdirilməsi, həmçinin tələbələrin öz ixtisasları üzrə keyfiyyətli təhsil almaları təmin olunacaq.