İnklüziv sosial inkişaf və sosial təminat üzrə alt İşçi qrupun növbəti iclası keçirilib

25 May 2021 22:00 (UTC+04:00)

Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın İnklüziv sosial inkişaf və sosial təminat üzrə alt İşçi Qrupu növbəti iclasını keçirib.

Movqe.az-ın məlumatına görə, işçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda ötən dövrdə əldə olunmuş mühüm sosial-iqtisadi nailiyyətləri diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin tapşırıqları əsasında xüsusilə də sosial ödənişlərin artırılması sahəsində son illərdə əhəmiyyətli irəliləyişlərin olduğunu vurğulayıb. Pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərdə ciddi artımların edildiyini diqqətə çatdırıb.

Nazir qeyd edib ki, Milli Prioritetlərə uyğun olaraq, bu nailiyyətlər, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi, habelə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdiriləcək. Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün maliyyə dayanıqlığının və sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi diqqətdə saxlanacaq.

S.Babayev qeyri-formal məşğulluğun həcminin müəyyənləşdirilməsi və azaldılması məqsədilə zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcəyini vurğulayıb. O bildirib ki, regionlarda yeni sosial xidmət və reabilitasiya müəssisələrinin yaradılması, həmçinin işğaldan azad olunmuş ərazilərdə belə müəssisələrin tikilməsi, bu sahələrdə xidmətlərə əlçatanlığın artırılması da əsas hədəflərdəndir.

İclasda qeyd edilən Strategiyanın müvafiq bölməsi üzrə hazırlanmış layihəyə dair müzakirələr aparılıb.

Xatırladaq ki, alt İşçi Qrupun üzvləri maliyyə, iqtisadiyyat, gənclər və idman nazirlərinin müavinləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrlərinin müavinləridir.