"Erkən nikah problemləri və ona qarşı mübarizə yolları" mövzusunda onlayn tədbir keçirilib

26 May 2021 10:58 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Yardımlı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Erkən nikah problemləri və ona qarşı mübarizə yolları" mövzusunda onlayn tədbir keçirilib.
 
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin əməkdaşları, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Yardımlı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov, eləcə də din xadimləri və gənclər iştirak ediblər.
 
Çıxışlarda erkən nikahların xüsusən yeniyetmə qızların təhsildən yayınması və onların təhsil hüququnun pozulması ilə müşahidə edildiyi bildirilib. Bu baxımdan bu faktları aradan qaldırmaq üçün dövlət orqanları kimi ictimaiyyətin, həmçinin ağsaqqal və din xadimlərinin də üzərinə böyük vəzifələr düşdüyü qeyd olunub. Vurğulanıb ki, erkən yaşda nikaha daxil olmaq sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir və bu neqativ hal bizim ölkədən də yan keçməmişdir.
Əlihüseyn ŞÜKÜROV