Masallıda "Narkomaniyaya yox deyək!" tədbir keçirilib

26 May 2021 12:07 (UTC+04:00)

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində yetkinlik yaşına çatmayan məktəblərin zərərli vərdişlərdən qorunması, müvafiq sahədə təlim-tərbiyə, habelə maarifləndirmə işlərinə töhfə məqsədilə "Narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirilib. Tədbirdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşı, şəhər 2 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
Əvvəlcə Vətən uğurunda qəhrəmanlıq göstərmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva çıxışında narkomaniyanın törətdiyi fəsadlar, gənclərin bəhs olunan ictimai bəladan qorunması və bu sahədə onlara göstərilən geniş dəstək tədbirlərindən danışıb. O, yetkinlik yaşına çatmayan məktəblilərin və gənclərin zərərli vərdişlərdən qorunması ilə bağlı ictimaiyyət arasında təbliğat və müvafiq maarifləndirmə işlərinin gücləndirilməsinə böyük ehtiyac duyulduğunu qeyd edib.


Sonra çıxış edən rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru Samid Əliyev rayonda il ərzində narkotik maddələrindən istifadə edən və bu səbəbdən tutulanlarla bağlı bəzi statistik rəqəmləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Polis əməkdaşı açıqlanan faktların narkomaniyanın gələcək nəsillər üçün böyük təhlükə vəd etdiyini və bu baxımdan, müvafiq mübarizə üsullarının effektivliyinin artırılmasının vacib olduğunu deyib.
Tədbirin sonunda yeniyetmələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Əlihüseyn ŞÜKÜROV