Respublika Günü münasibətilə Türkiyənin Qars şəhərində rəsmi qəbul keçirilib

28 May 2021 09:00 (UTC+04:00)

Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirib. Mərasimin keçirildiyi qədim Qars qalası Azərbaycanın üçrəngli bayrağının rəngləri və müxtəlif şüarlarla işıqlandırılıb. Qalanın hər tərəfindən Azərbaycanın varlığını tərənnüm edən nişanələr görünüb.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, zəngin bədii proqramla davam edən qəbulda Türkiyə rəsmiləri, yerli hakimiyyət orqanlarının rəhbərləri, qardaş ölkədə fəaliyyət göstərən baş konsullar, QHT və KİV təmsilçiləri, Qars ictimaiyyətinin nüfuzlu şəxsləri iştirak ediblər.

Qars valiliyinin dəstəyi ilə keçirilən mərasim şəhdilərimizin əziz xatirəsinin yad olunması ilə başlanıb.

Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Baş konsulu Nuru Quliyev ilə Qars valisi və bələdiyyə sədrinin səlahiyyətlərini icra edən Türker Öksüz mərasimdə çıxış ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, süqutunun səbəbləri, keçmiş sovet dövründəki dövlətçilik tariximiz və müstəqilliyimizin bərpası ilə bağlı müfəssəl məlumat verən baş konsul Nuru Quliyev çıxışında ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasına geniş yer verib. Dahi rəhbərimizin tarixi missiyası sayəsində Naxçıvanın təhlükələrdən xilas edildiyini, muxtar respublika ilə Türkiyənin əlaqələrinin bərpa olunduğunu diqqətə çatdıran diplomat vurğulayıb ki, Ümummilli Liderimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı müstəqilliyimizi qoruyub, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin strateji müttəfiqliyi üçün möhkəm təməl yaradıb. Bu əsaslı siyasəti mükəmməl şəkildə davam etdirən Prezident İlham Əliyev strateji beynəlxalq uğurlara imza atıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı tarixi Qələbə Ulu Öndərimizin müəyyən etdiyi dövlətçilik strategiyasının nəticəsidir.

28 May – Respublika Günü münasibətilə səmimi təbriklərini ifadə edən vali Türker Öksüz diqqətə çatdırıb ki, Azərbaycanın qazandığı tarixi Zəfər Türkiyənin hər yerində böyük sevinclə qarşılanıb və yaşadığımız qürur əbədiyyətə qədər xalqlarımızın birgə iftixarı olacaq. Azərbaycanın ərazi bütövlüyünün bərpası Türkiyə üçün hər zaman mühüm məsələ olub.

Çıxışlarda ifadə olunub ki, tarixi Zəfərin qazanılmasında canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad ediləcək, onların ailələri və övladları, eləcə də qazilərimiz bundan sonra da dövlətimizin və xalqımızın qayğısı ilə əhatə olunacaq.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin və dövlətin birgə inkişafına tarixi töhfə verməkdədir. Ümummilli lider Heydər Əliyevin tarixlərə işıq saçan “Bir millət, iki dövlət!” ifadəsi həyat gerçəyinə çevrilib. Qeyd edilib ki, dövlət müstəqilliyini bərpa edəndən sonra ilk dəfə olaraq 28 May – Respublika Gününün zəfər təravəti ilə qeyd olunması böyük bir tarixi təntənədir.

Zəngin bədii proqramla davam edən təbdir rəngarəng atəşfəşanlıqla başa çatıb.