Sankt-Peterburqda 28 May – Respublika Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

29 May 2021 14:07 (UTC+04:00)

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, Milli Məclis sədrinin müavini Adil Əliyev, deputat İltimas Yusifov, Türkiyə parlamentinin deputatı Rəcəb Şəkər, Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin birinci müavini Sergey Solovyov, Leninqrad vilayəti hökuməti sədrinin birinci müavini Sergey Xarlaşkin, Rusiya XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov və Sankt-Peterburq hökumətinin Xarici Əlaqələr Komitəsinin sədrinin vəzifələrini icra edən Sergey Markov, Sankt-Peterburq Qanunvericilik Məclisinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Nərgiz Əhədova, Sankt-Peterburqda akkreditə olunan baş konsulluqların rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, mədəniyyət xadimləri, şəhərdəki universitetlərinin rektorları və professor heyəti, Azərbaycan diasporunun rəhbərləri və fəalları, AMOR gənclər təşkilatının Sankt-Peterburqdakı bölməsinin üzvləri və baş konsulluğun diplomatları tədbirdə iştirak ediblər.

Tədbirdə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun adından 28 May – Respublika Günü münasibətilə ünvanlanmış təbrik məktubları oxunub və baş konsul Sultan Qasımova təqdim edilib.

Rəsmi hissədən sonra qonaqlar “Mariinski” Teatrının solistləri - Azərbaycanın Əməkdar artisti Regina Rüstəmovanın, Nəriman Əliyevin və Həmid Abdulovun ifalarında Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləyiblər.

Sonda baş konsuluq adından qonaqlara ziyafət verilib.