Ağdamda təməli qoyulan yeni sənaye parkının iqtisadi əhəmiyyəti

29 May 2021 19:44 (UTC+04:00)

İşğaldan azad olunmuş Ağdam rayonu kompleks şəkildə yenidən qurulur və bərpa olunur. Burada həm müasir sosial infrastruktur, şəhər və kəndlər smart konsepsiyalar üzrə qurulur, həm də müasir istehsal sahələri yaradılır. Yeni istehsal sahələrinin yaradılmasında o ərazilərin coğrafiyası və iqtisadi potensialı nəzərə alınır.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, 28 mayda Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri çərçivəsində təməli qoyulan Sənaye Parkı, ilk növbədə, oraya qayıdacaq ağdamlıların işlə təminatında xüsusi rol oynayacaq: "Təsdiq olunmuş Baş Plana əsasən, Ağdam şəhəri 100 min insanın yaşaması üçün nəzərdə tutulur. Bu o deməkdir ki, Ağdam şəhərinin böyük sənaye potensialı olacaq və ölkəmizin iqtisadiyyatında mühüm yer tutacaqdır.

Ağdam Sənaye Parkının yaradılması ilə əlaqədar cənab Prezidentin imzaladığı fərmanın 2.1-ci bəndində qeyd olunur ki, Ağdam Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Fərmandan da göründüyü kimi, yaradılıcaq sənaye parkı çoxprofilli olacaq. Sənaye müəssisələrindən başlanmış - kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılmasına qədər, müxtəlif istehsal müəssisələrini özündə cəmləşdirməklə Ağdamın coğrafi yeri nəzərə alınaraq, buranın logistik mərkəzə çevrilməsi nəzərdə tutulur.

Ağdam tarixən şərabları ilə keçmiş sovet ittifaqı miqyasında tanınmış rayon olub. Düşünürəm ki, Ağdam rayonunda müasir üzüm plantasiyaları yenidən salınacaq və istehsal olunacaq üzümün emalı sahələri də sənaye parkında yaradıla bilər. Xüsusi dadı ilə fərqlənən Ağdam şərabını yenidən Ağdamda istehsal etməklə bütün dünyaya tanıda bilərik. Ümumiyyətlə, iqtisadiyyatların gələcəyi sənaye parkları və aqroparklar üzərində qurulur və bu, daha perspektivlidir. Çünki müxtəlif istehsal sahələrinin bir məkanda cəmləşməsi o məkanı infrastrukturla və işçi qüvvəsi ilə təminat baxımından daha əlvərişli edir.

Həm də Ağdam Sənaye Parkının beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşməsi bu parkda istehsal olunacaq malların bazarlara nəql edilməsi üçün rahat imkanlar təqdim edir. Ümumiyyətlə, sənaye parkları və aqroparklar bu gün dövlət büdcəsindən vəsaitlər xərclənərək yaradılsa da gələcəkdə dövlət büdcəsinə uzun illər töhfələr verməklə ölkə iqtisadiyyatını rəqabətqabiliyyətli edərək möhkəmləndirəcək".