Peşə təhsili sahəsi Azərbaycan üçün ən aktual mövzulardan biridir

31 May 2021 17:57 (UTC+04:00)

Peşə təhsili sahəsi Azərbaycan üçün ən aktual mövzulardan biridir. Regional və qlobal dəyər zəncirində ölkələr arasında rəqabətin artması yüksəkixtisaslı işçi qüvvəsinə tələbat yaradır. Qlobal innovasiya iqtisadiyyatı şəraitində belə işçi qüvvəsi olan ölkələr üstünlüyə malik olur.

Qloballaşma, qlobal iqtisadi mühit, məhsuldarlıq tələbləri və məşğulluq üçün təhsilə diqqətin artması iqtisadi məhsuldarlığın amili kimi peşə təhsili və təliminin əhəmiyyətini artırır. Peşə təhsili və təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sistemi yaradılmalıdır. Bununla əlaqədar ölkəmizdə Peşə təhsili ilə bağlı işlər davam etdirilir.

Hazırki dövrdə buna çox böyük ehtiyac vardır. Xüsusilə, azad edilmiş torpaqlarda və bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması mühüm önəm daşıyır. Ona görə, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalı və inkişaf etdirilməlidir. Peşə təhsili üzrə qardaş Türkiyə ilə əməkdaşlıq əlaqələri genişlənməkdədir. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Bütün sahələrdə iki qardaş ölkə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edir. Başqa sahələrdə olduğu kimi iki qardaş ölkə arasında təhsil sahəsində də əməkdaşlıq sürətlə inkişaf edir. Əməkdaşlığımızın təhsil prioritetləri təhsil sahəsində müxtəlif istiqamətləri əhatə edir. Təhsil sahəsində əməkdaşlığın inkişafı prinsipial məsələ olduğu kimi həmdə olduqca önəmlidir. Hər iki ölkə arasında təhsilin keyfiyyətinin qaldırılması, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün çox önəmli addımlar atılmalı, əlavə tədbirlər görülməlidir.

Türkiyənin təcrübəsi ölkəmiz üçün çox önəmlidir. Gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalı və daim bir-birinə sıx bağlı olmalıdırlar. Bu məqsədlə müxtəlif tədbirlər-gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir.

Peşə təhsili rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. Yerli və beynəlxalq qurumlar və ölkələrin iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirən məsul şəxslər iqtisadiyyatın inkişafı və sosial bərabərliyin təmin edilməsinə nail olmaq üçün müasir peşə təhsili sisteminin bərqərar olmasına xüsusi önəm verməlidirlər.

Qumral Rzalı 

Masallı şəhər sakini