Dünya Azərbaycanlılarının Zəfər Qurultayı

27 Aprel 2022 09:22 (UTC+04:00)

             Dünya Azərbaycanlılarının ilk Qurultayı  2001-ci ildə Bakıda keçirildi .Ulu öndər Heydər Əliyev diaspora qarşısında mühüm vəzifələr qoydu. Məhz bu Qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından dönüş nöqtəsi oldu, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Xatırladaq ki, Dünya Azərbaycanlılarının II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.Bu illər ərzində keçirilmiş 3 qurultay əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporu mühüm inkişaf yolu keçmiş, ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, milli maraqların qorunması işində səmərəli fəaliyyət göstərmiş və göstərməkdə davam edir.

              Diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyaları tətbiqi olunub, xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyyətinin koordinasiyası həyata keçirilib. Milli həmrəylik və birlik ideyasının reallaşdırılması naminə son  illərdə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası, 12 ölkədə 18 Azərbaycan Evi yaradıldı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olundu. Diaspor qarşısında duran əsas vəzifələrdən birini də Ermənistanın işğalçılıq siyasətinin ifşasıdır ki, bu istiqamətdə, xüsusilə də, Vətən müharibəsi dövründə diaspor təşkilatları dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirdi. Bəli məhz 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər, Qarabağın işğaldan azad edilməsi bir daha milli birliyimizin və həmrəyliyimizin danılmaz sübutu oldu.

              Azərbaycan diasporu bu gün öz inkişafının birlik və həmrəyliyinin yeni, ən yüksək mərhələsini yaşayır desək yanılmarıq. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük tarixi əhəmiyyət daşıyır. Dünya Azərbaycanlılarının V Qurultayının azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq dövrünə təsadüf etməsi, xüsusən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi böyük tarixi əhəmiyyəti və ülvi rəmzi mənası vardır. Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etdi.  Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı -Zəfər Qurultayı kimi tarixə düşdü. Bu tarixi reallıq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyinin, düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir.

            Möhtərəm Prezidentimiz  cənab  İlham  Əliyev  Şuşa  şəhərində  Dünya Azərbaycanlılarının  V Qurultayı- – Zəfər  Qurultayıda  çıxışda söyləmişdir:

         “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.”

             Bəli həmrəyliyimiz əbədi və möhkəm olsun. Allah Prezidentimizi qorusun.Yaşasın Azərbaycan!  Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

      Əntiqə Tağıyeva

 Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru