Cənubi Qafqazda sülhün təmin olunması Azərbaycan dövlətinin siyasətini təşkil edən vacib amillərdəndir

2 May 2022 14:21 (UTC+04:00)

 

   2022-ci il aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Forumda dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin, bölgə ilə yaxından maraqlanan xarici ekspertlərinin iştirakı tədbirin beynəlxalq əhəmiyyətinin göstəricisidir.

Beynəlxalq konfransın iştirakçıları aprelin 28-də Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.

Məlum olduğu kimi,ölkəmizin başçısı cənab Ali Baş Komandan İlham Əliyev  ötən il Böyük Qələbəyə və Azərbaycan torpaqlarının işğaldan azad olunmasına həsr edilmiş birinci forum zamanı  professor Əhməd Yükselin regional sülhün, təhlükəsizliyin və inkişaf məsələlərinin müzakirə olunması məqsədilə bu tədbirin illik əsaslarla keçirilməsi və beynəlxalq ekspertlərin, beyin mərkəzləri nümayəndələrinin dəvət olunması təklifini nəzakətlə dəstəkləmişdir.Prezident bu işin icrası üçün təlimat vermiş və  bu il  bu tədbir “Beynəlxalq Şuşa Forumu” kimi yeni ad altında təşkil olunmuşdur. “Ötən ilin aprelində görüşdüyümüz və müzakirə etdiyiniz zaman qarşımızda olan mühüm vəzifələrdən biri yeni reallıqları möhkəmləndirmək və regionda öz işimizi, baxışlarımızı təqdim etmək üçün aparıcı beynəlxalq təşkilatlarla işləməkdən ibarət idi. Həmçinin vacib idi ki, beynəlxalq ictimaiyyət və aparıcı beynəlxalq təşkilatlar formalaşmış yeni reallıqları qəbul etsinlər. Bu, baş tutdu”-Prezident İlham Əliyev konfransda bu fikirləri vurğulamışdır. “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi   Azərbaycanın sülhün nəinki öz ərazilərində təmin edilməsi, bütün regionda bərqərar olunmasında marağını göstərir. İşğal olunmuş torpaqlarını azad etməklə Azərbaycan  bölgədə yeni mərhələnin, yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu.

Tarixi torpaqlarımız 30 ildən artıq işğal altında qalıb.Ermənistan bu mənfur işğalçılıq siyasətini daim davam etdirdiyinə görə Cənubi Qafqazda sülhün mütəmadi davam etməsinə həmişə  mane olmuşdur. Nəticədə  regionun vacib mövqeyindən səmərəli istifadəsini məhdudlaşdırmışdır.44 günlük Vətən müharibəsində  Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə region yeni mərhələyə daxil olmuşdur. işğaldan azad olunmuş ərazilərdə ölkə və beynəlxalq əhəmiyyətli layihələr, bərpa və quruculuq işləri davam etdirilir. Həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut şəkilində təqdim olunur.  Azərbaycanın sülhə, gələcəyə, inteqrasiyaya olan inamını göstərən işlər də nümayiş etdirilir. Azərbaycan Cənubi Qafqazda sülhün təmin edilməsi üçün region ölkələri və beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib. Ölkəmiz sülhün və inkişafın təmini üçün konkret layihə və proqramlarla çıxış edib. Son zamanlar Avropa İttifaqının regionda sülhün təmin olunması üçün atdığı addımlar Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətə beynəlxalq dəstəkdir.  Cənubi Qafqazda sülhün təmin olunması, regionun artan iqtisadi və kommunikasiya imkanlarından bərabər şəkildə maksimum istifadəsi Azərbaycan dövlətinin siyasətini təşkil edən vacib amillərdəndir.

 

Tofiq Əsgərov

Masallı rayon Göyəçöl kənd sakini