Milli Müdafiə Universitetinin yaradılması ilə ali hərbi təhsilli kadrların hazırlanması işi daha yüksək səviyyəyə keçid etmiş oldu

26 İyun 2022 12:03 (UTC+04:00)

 

Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması
əlbəttə ki, ilk növbədə son 19 il ərzində ölkəmizdə ordu quruculuğu sahəsində həyata
keçirilən islahatların effektivliyindən xəbər verir. Etiraf olunmalıdır ki, məxsusi olaraq
2003-cü ildən bəri keçən dövr ərzində Azərbaycan Ordusunun modernləşdirilməsi,
döyüş qabiliyyətinin daha da yüksəldilməsi, maddi-texniki bazanın əhəmiyyətli dərəcədə
möhkəmləndirilməsi, eləcə də hərbçilərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində çox böyük işlər görülüb. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyev tərəfindən Azərbaycan Ordusunun maddi-texniki
təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, həmçinin müdafiə
sənayesinin inkişaf etdirilməsi istiqamətində davamlı olaraq məqsədyönlü addımlar atılır
və bütün bunlar ölkəmizdə həyata keçirilən ordu quruculuğu siyasətinin əsas
istiqamətləridir. Ölkə Prezidenti Ordu quruculuğu ilə əlaqədar öz çıxışlarının birində belə
demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik.
Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun
döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən
dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin
tərkib hissəsidir.”
Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı
siyasətinin dünyada tanıdılması istiqamətində 2003-cü ildən bəri son dərəcə uğurlu
diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman deyirdi ki,
mövcud münaqişənin hərbi yolla həlli mümkündür və lazım gələrsə Azərbaycan bu
hüququndan istifadə edəcək. 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz erməni
təxribatlarına birdəfəlik son qoymaq və torpaqlarımızı işğaldan azad etmək məqsədilə
hərbi əməliyyatlara başlamaq haqqında Ali Baş Komandanın əmrini aldılar. Əks hücum
əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində tam və qəti
qələbə qazanaraq Şanlı Ordumuz tarixi nailiyyətə imza atdı. Müzəffər Ali Baş
Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimizin nümayiş etdirdikləri şücaət və
rəşadətin hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı
qələbəsinin şahidi oldu.
Ölkəmizdə aparılan ordu quruculuğu siyasətinin tərkib hissələrindən biri də
hərbiçilərimizin Vətən müharibəsinin gedişində nümayiş etdirdikləri misilsiz
qəhrəmanlıqlarının əbədiləşdirilməsi işidir. Məhz bu məqsədlə Ölkə Prezident cənab
İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan
Respublikasının orden və medalları, o cümlədən “Zəfər” və “Qarabağ” ordenləri,
həmçinin 15 yeni medal -“Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə
fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına
görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”,
“Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad
olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına
görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən
müharibəsində arxa cəbhədə xidmətlərə görə”təsis edilmişdir ki, bu da tarixi Qələbənin
əbədiləşdirməsi və iştirakçılara dövlətimiz tərəfindən ayrılan ali diqqətinin bariz
təcəssümüdür.
Hazırda Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına
uyğunlaşdırılması istiqamətində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata
keçirilməkdə davam edir. Cari ildə hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi
məqsədilə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca
vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə

təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin
siyahısı”nda müvafiq dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil
müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut
yaradılıb. Bunlardan biri Hərbi Elmi Tədqiqat İnstitutu, digəri isə Hərbi İdarəetmə
İnstitutudur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi isə öz fəaliyyətini
Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim
və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi
Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib. Əlbəttə ki, bu tədbirlər
hərbiçilərimizin təhsil səviyyələrinin daha da yüksəldilməsinə xidmət edəcək.
Rusif Kərimov,
Viləşçay Su Anbarı İstismar İdarəsinin rəisi