Azercell-in əsas tərəfdaşlığı ilə “Qadın Dəstək Xətti” xidməti yaradılıb

23 Avqust 2022 10:24 (UTC+04:00)

Azercell-in dəstəyi ilə yaradılan “Qadın Dəstək Xətti”xidməti ağır psixoloji duruma düşən, böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara hərtərəfli yardım istiqamətində fəaliyyət göstərəcək.“Ümidli Gələcək” Gənclər Təşkilatı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsi və “Azercell Telekom” MMC-nin dəstəyi ilə “Qadın Dəstək Xətti” xidmətinin yaradılmasının əsas məqsədlərindən biri məişət zorakılığı ilə mübarizə istiqamətində effektiv psixoloji, emosional və sosial dəstəyin təşviqi,  zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etmək üçün müvafiq yardımın göstərilməsidir.

 

Çətin həyat şəraitində olan zorakılıq qurbanları - qız və qadınlara “Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti tərəfindən günün istənilən saatında dəstək veriləcək. Müraciətçilərə hüquqi, tibbi xidmətlərə çıxış, məşğulluqla bağlı məlumat veriləcək, onların ailə və yaşayış şəraitinin qiymətləndirilməsi əsasında sosial dəstək istiqamətində kömək ediləcək. Eləcə də xidmətə müraciət edən xanımlar mərkəzin psixoloqları, sosial işçi və hüquqşünasları tərəfindən icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndiriləcək. Zəruri hallarda müvafiq dövlət qurumları, yerli strukturlar və sosial xidmət müəssisələri ilə əməkdaşlıq nəticəsində müraciətlərin həllinə nail olunacaq.