Ulu Öndər Heydər Əliyevin milli maraqları və xalqın iradəsini əks etdirən siyasi kursu .

3 Oktyabr 2022 10:54 (UTC+04:00)

 

“Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və
natiqlik istedadına valehəm!”
      Bu sözləri  Corc Buş, Amerika Birləşmiş Ştatlarının Prezidenti.Ulu öndər Heydər
Əliyevin ünvanına söyləmişdir.
O, bir canlı tarix idi, xalqını sevən və sevərək bütün həyatını xalqına həsr edən
tarix.Tarixin yaddaşında əbədi iz qoymaq hər siyasi xadimin, dövlət başçısının taleyinə
yazılan xoşbəxtlik deyil. Bütün həyatını xalqının işıqlı  gələcəyinə, Azərbaycanının
çiçəklənməsinə həsr etmiş böyük  Heydər Əliyevi tarixdə əbədiləşdirən, ilk
növbədə, onun Vətəninə, xalqına, milli-mənəvi dəyərlərinə – dilinə, mədəniyyətinə və
ədəbiyyatına  olan hüdudsuz sevgisi, onların qorunması və tərəqqisi uğrunda bütün
dönəmlərdə apardığı  taleyüklü mücadilələr, dövrün sərt qadağalarına baxmayaraq
milləti və Vətəni naminə atdığı cəsarətli, tarixi addımlar, Azərbaycanın bu günü
naminə həyata keçirdiyi misilsiz və möhtəşəm layihələrdir.
XX əsrin sonlarında Sovet İttifaqının süquta uğraması və müasir dünya
düzəninin formalaşmağa, beynəlxalq arenada yeni münasibətlərin təşəkkül tapmağa
başladığı bir dövrdə Azərbaycan öz tarixinin mühüm və taleyüklü mərhələsinə qədəm
qoydu. Ciddi təbəddülatlar və təlatümlər burulğanında təkbaşına mübarizə aparmaq
məcburiyyətində qalmış xalqımız,ağır sınaqları arxada qoyaraq aydın gələcəyə doğru
inamla addımlamağı bacardı. Baş verənlərə 30 il sonra yaranmış reallıqlar
prizmasından nəzər saldıqda Azərbaycanı ağır böhrandan sabit və etibarlı bir dövlət
kimi çıxaran geosiyasi, sosial, iqtisadi, hərbi amillərin uzun bir siyahısını tərtib etmək
mümkündür. Lakin, heç şübhəsiz, Azərbaycanın bugünkü inkişaf mərhələsinə çıxmasını
şərtləndirən əsas amil tarixin həlledici məqamında ölkədə və dünyada baş verən
mürəkkəb proseslərin mahiyyətini dəqiq qiymətləndirməyi və bu prosesləri milli
mənafelərin tələb etdiyi aydın bir istiqamətə yönəltməyi bacaran siyasi liderin
mövcudluğu idi. 1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab
edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı hazırkı yerinin müqayisəsi
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısında xidmətlərinin miqyasını
və xalqımızın təhtəlşüurunda özünə dərin iz buraxmış dahi obrazını daha aydın
görməyə imkan yaradır. Ümummilli Liderin siyasi portretinin ən əsas cizgilərindən biri
onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkaya sahib
olmasıdır. O, dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya
yönəldiyi vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı
bacardı, Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi və SSRİ-nin
süqutu nəticəsində dağılan geosiyasi konfiqurasiyada hələ formalaşmamış bir dövləti
düşdüyü fəlakətli vəziyyətdən çıxarmağa müvəffəq oldu. Heydər Əliyevin siyasi
müdrikliyi ona beynəlxalq münasibətlər sisteminin institusional əsaslarının sarsıldığını
görməyə, beynəlxalq arbitr kimi dünya nizamını qorumaq missiyasını üzərinə götürmüş
müxtəlif təşkilatların öz funksionallığını itirdiyini dəqiq müəyyən etməyə və dünyanın
gündəmini diktə edən güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri
qurmağa imkan verdi.1993-cü ildə xalqın çağırışı və təkidli tələbi ilə yenidən siyasi
hakimiyyətə qayıdan Heydər Əliyevin təklif etdiyi milli dövlət quruculuğu və müasir
inkişaf strategiyası özündə bir sıra vacib komponentləri -müstəqilliyin təmini, ictimai-
siyasi sabitlik, iqtisadi inkişaf,müasir cəmiyyət və güclü ordu quruculuğu, beynəlxalq

münasibətlər sisteminə inteqrasiya, tarixi köklərə bağlılıq,azərbaycançılıq ideologiyasına
əsaslanan milli birlik və həmrəylik və s.birləşdirirdi.
Müstəqilliyin ilk illərində parçalanmaq və dünya xəritəsindən silinmək təhlükəsi
ilə üz-üzə qalmış Azərbaycanı bu fəlakətdən yalnız Heydər Əliyevin qurtara biləcəyini
təkcə onun tərəfdarları deyil, rəqibləri də yaxşı anlayırdı. Ölkədə vətəndaş müharibəsi
həddinə çatmış silahlı qarşıdurma cəhdlərinə məhz güclü siyasi xadim, praqmatik
lider,müdrik dövlət adamı kimi Heydər Əliyevin titanik səyləri nəticəsində qısa müddətdə
son qoyuldu, siyasi mübarizə küçə və meydanlardan parlamentə, seçki platformasına
transformasiya olundu, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi. Məhz Ulu Öndərin
müdrik siyasəti sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərindən biri
kimi özünü dünyaya təqdim etməyə müvəffəq oldu. Ulu Öndər Heydər Əliyevin
tariximizdə son dərəcə böyük dəyər kəsb edən xidmətlərindən biri də onun yalnız milli
inkişaf strategiyasını həyata keçirməklə kifayətlənməməsi idi. Çünki qarşıya qoyulmuş
məqsədlərə çatmaq üçün mövcud siyasi kurs davam etdirilməli və bu mənada siyasi-
ideoloji varislik qorunub saxlanılmalıydı. Dünya təcrübəsinə nəzər yetirsək görərik ki, bir
çox hallarda uğurla inkişaf edən ölkələr məhz mövcud siyasi kursun dəyişdirilməsi
nəticəsində tarixi nailiyyətləri əldən vermişdilər.Milli inkişaf xətti ilə ardıcıl və dinamik
surətdə irəliləyən Azərbaycanın qarşısında isə güclü dövlət quruculuğunun
tamamlanması və keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ölkənin ərazi
bütövlüyünün bərpa olunması kimi mürəkkəb məsələlər dayanırdı.Cənab İlham Əliyevin
xalqın böyük etimadını və dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti
seçilməsi 2003-cü ildən sonrakı dövrdə ölkəmizlə bağlı öz mənafelərinə uyğun planlar
quran bəzi daxili və xarici qüvvələrin ssenarilərinin üstündən xətt çəkdi. Məhz siyasi-
ideoloji varislik Prezident İlham Əliyevə Ulu Öndərin milli dövlət quruculuğu
strategiyasını çağdaş dövrün yeni reallıqlarından qaynaqlanan, qloballaşan dünyanın
mürəkkəb iqtisadi və siyasi şərtlərini nəzərə alan, çoxqütblü nizama keçidin özü ilə
gətirdiyi mənfi təzahürləri neytrallaşdırmağa əsas verən ideyalarla zənginləşdirməyə,
müstəqil, düşünülmüş və prinsipial siyasət yürütməyə imkan yaratdı.
Məhz bunun nəticəsidir ki,44 günlük Vətən müharibəsində böyük tarixi Zəfər
əldə etdik. Bu gün Ümummilli Liderin qoyub getdiyi siyasi kursun məntiqi nəticəsi kimi
Ali Baş Komandan cənab İlham Əliyevin ,,Dəmir Yumruğu” və Azərbaycan əsgərinin
misligörünməmiş rəşadəti bizə tam 30 il əsarətdə olan torpaqları azad etməyə imkan
yaratdı.Bu gün bayrağımız Qarabağda,Azərbaycanın mədəniyyət beşiyi Şuşada
qürurla,fəxarətlə dalğalanır. “Şuşasız Qarabağ, Qarabağsız, ümumiyyətlə, Azərbaycan
yoxdur”-deyən Ulu Öndər Heydər Əliyevin qurduğu müasir milli dövlətimiz indi özünün
yeni inkişaf mərhələsini yaşayır və bizi yeni-yeni uğurlara ruhlandırır.Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx,daha möhkəm
birləşərək, müstəqil dövlətimizi qorumaq, inkişaf etdirmək,yaşatmaq və daha yüksəklərə
qaldırmaq,eyni zamanda Ümummilli Lider dahi Heydər Əliyevin siyasi kursuna sadiq
olmaq bizim ən ümdə vəzifəmizdir.
Yaşasın bütöv Azərbaycan!Qarabağ Azərbaycandır!

Hakim Qurbanov
Tüklə kənd tam orta məktəbin direktoru