"Peraşki" dövründə də bu oyunu oynayırdıq"
3 Aprel 2012 20:10 (UTC+04:00)
Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun
Apasport.az saytına müsahibəsi.
- Futzal yığmamızın Rusiya ilə oyununu "Sərhədçi" Olimpiya
Mərkəzində izlədiniz. Qarşılaşma sizdə hansı təəssürat oyatdı?
- Komandamız yaxşı oynadı. Rəqib qalib gəlsə belə, son Avropa
çempionatı ilə müqayisədə güclü təsir bağışlamadı. Rusların
Xorvatiyadakı final mərhələsində çıxışını izləmişdim və onda gözəl
oynayırdılar. Bizimkilər ilk 10 dəqiqəni, yəni ilk qoladək yaxşı
təsir bağışladılar. Qol epizodlarımız da oldu. Deyərdim qapımızdan
top buraxandan sonra özlərini itirdilər. O mənada ki, meydanda
hərəkət az idi.
- Milliləşən legionerlərdən nə dərəcədə razısınız?
- Fikrimcə, millidə yerli oyunçuların sayının çox olması üçün nəsə
dəyişiklik etmək lazımdır. Onları çox oynatmalı, öyrətməliyik. Bura
xarici məşqçilər də gəlib və onlara yerli oyunçularla çox çalışmaq
tapşırılmalıdır. Bunlar inkişaf üçündür.
- Yığmamız üçün dünya çempionatının final mərhələsinə çıxmaq hələ
tezdir?
- Artıq 2 dəfə Avropa çempionatının final mərhələsində oynamışıq.
İlk cəhdimiz uğurlu oldu, 4-cü yeri tutduq. Fikrimcə, bundan
sonrakı illərdə yerlilərə çox fikir vermək lazımdır. 15-18 il öncə
Rusiya ilə bərabər səviyyədə oynayırdıq. Onların güclü klubu vardı
- "Dina", bizimlə oynamaq üçün tez-tez Azərbaycana gəlirdi.
İnanırsınız ki, oyunçularımız onlardan nəsə öyrənirdi.
- Futzala tez-tez gəlirsiniz. Belə çıxır ki, marağınız var?
- Futzalı biz yaratmışıq da. 1968-ci ildə Bakıda yaranıb. O vaxtlar
mən də oynayırdım. Qış aylarında indiki Bakı İdman Sarayında turnir
oldu. Orda başladıq. Azərbaycanda SSRİ dövründə məhəllə futbolu elə
futzal kimi idi. 5 5-ə, 6 6-ya qarşı oynayırdıq. Onun sayəsində
futzal inkişaf etdi. Biz "peraşki" dövründə də bu oyunu oynayır,
uşaqlarla işləyirdik.
- Ümumiyyətlə, futbolla futzalı müqayisə edəndə, hansı qənaətə
gəlirsiniz?
- Öz oyunumuzu oynamalıyıq - texnika, taktiki və sürətli oyun.
Güclü keyfiyyətlərimizi itirməməliyik. Bütün gücü fiziki cəhəti
qaldırmağa qoymaq da düzgün olmazdı. Düzdür, fiziki hazırlıq yaxşı
olmalıdır. Ancaq yaddan çıxartmayaq ki, futbolu topla oynayırlar.
Topla oynamaq üçünsə texnika, taktiki hazırlığın olmalıdır. Bunlar
əvvəl bizdə var idi.
- Əcnəbi mütəxəssislərin çalışdırdığı futbol və futzal yığmamız
arasında hansı oxşar, hansı fərqli cəhətləri qeyd edərdiniz?
- Futzal yığmamızın braziliyalı baş məşqçisi Joze Alesio Da Silva
ilə şəxsi tanışlığım olmadığından, onun haqda pis fikirdə ola
bilmərəm. Həmkarım haqda pis fikirdə olmamışam, olmayacağam da.
Söhbət ondan gedir ki, əcnəbiləri dəvət edəndə, qarşıya məqsəd
qoyulmalıdır. Bu, gənc yerli oyunçularla çox işləməklə bağlıdır.
Yəni futbolçu yetişdirmək vacib amildir və buna xüsusi fikir
verməliyik. Futzal çempionatımızda klubların sayını artırmaq yaxşı
olardı.
- Əvvəllər çempionatımız dayananda, futzala böyük axın vardı. İndi
isə oyunçular böyük futbola üz tuturlar. Bunu maddi amillə
əlaqələndirmək olar?
- Sizinlə razıyam, futzalla müqayisədə futbola axın böyükdür. Ancaq
bunu maddi amillə əlaqələndirməzdim. Çünki futzalda elə klublar var
ki, maliyyə cəhətdən yaxşıdırlar. Bir şeyi də yaddan çıxartmayaq
ki, futzalda xərc o qədər də böyük deyil. Oyunlar bir zalda
keçirilir. 2-3 komanda bir zalda məşq edə bilər. Futzalda klubların
baza, uşaq futboluna diqqət yetirilməyi, yerli məşqçilərin olmağı
vacibdir.
- Hazırda yığmada oynayan Zeynal Zeynalov həm futbolda, həm də
futzalda çıxış edir. Sizcə, kənarda qalan futbolçular, məşqçilər
futzalda özlərini göstərə bilərlərmi?
- Zeynalı 90-cı illərdə çalışdırdığım "Bakı fəhləsi"nə mən
gətirmişəm. Hər şey insanın, məşqçinin özündən, maraqdan asılıdır.
Böyük futbolda çalışan məşqçilərə futzalda işləmək asan olduğundan,
burada da çalışa bilərlər. Sadəcə, futzalın spesifikası bir az
başqa cür olduğundan, buna uyğunlaşmaq lazımdır.
- Bu spesifika nədir?
- Biz futbolda topu ayağımızın içi ilə saxlayırıq. Bu, adi bir
şeydir. Ancaq futzalda topu ayağın altı ilə saxlayırlar. Yığmamızın
çıxış etdiyi son Avropa çempionatını izlədiyim zamanı oyunçuların
çoxunun topu çox gözəl saxladıqlarının şahidi oldum. Top onların
ayağına sanki maqnit kimi yapışır. Yəni bu, texnikanın bir növüdür.
Bu haqda da fikirləşmək lazımdır.
- Rusiya ilə Tümendəki cavab oyunumuzdan nə gözləyirsiniz?
- Evdə uduzduğumuzdan, orada çətin olacaq. Ancaq ümidimizi
itirməməliyik. Bir şeyi də yaddan çıxartmayaq ki, Tümendə çoxlu
azərbaycanlılar yaşayır. Zalda həmyerlilərimiz çox olacaq. Əlbəttə,
bu amil xeyrimizədir. Onu unutmayaq ki, biz azarkeşlərimiz üçün
oynayırıq və onların dəstəyindən faydalanmalıyıq.