Laçının işğalından 20 il ötür

18 May 2012 11:24 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, bu gün Laçının işğalından 20 il ötür. Rayonun inzibati mərkəzi Laçın şəhəridir. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olub. Rayonun müdafiəsində 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb.

İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib.

Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşüb.

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən rayon şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçının mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.