Məlumat verildiyi kimi
Beynəlxalq Böhran Qrupu (BBQ) "Ermənistan və Azərbaycan: Risklər
mövsümü" adlı hesabat yayıb. Hesabatda deyilir:"Azərbaycanla
Ermənistan arasında az intensivli, ancaq zorakı qarşıdurma yüksək
həssaslıq dövrünə qədəm qoyub. Yaxın həftələrdə və aylarda zorakı
qarşıdurmanın qızışmasına yol verməmək üçün beynəlxalq aləmin
yaxından cəlb olunması tələb olunur". Beləliklə, Beynəlxalq Böhran
Qrupu hesab edir ki, yaxın həftə və aylar ərzində Dağlıq Qarabağda
müharibə başlaya bilər.
Qeyd edək ki bu qrup artıq bir neçə dəfədir ki, anoloji açıqlamaları ilə yadda qalıb. Əvvəlki illərdə də Böhran Qrupu tərəfindən buna bənzər fikirlər yer almışdı.
Hazıra Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar aparılsa da, son illər burada həlli istiqamətində hansısa ümidverici nəticə müşahidə olunmur. Hətta prezidentlər səviyyəsində görüş də baş tutmur. Ermənistan hələ də tutduğu aqressiv mövqeyindən əl çəkməyərək torpaqlarımızı işğal altında saxlamaqda davam edir. ATƏT-in Minsk qrupu isə buna rəğmən işğalçı ilə işğala məruz qalana eyni gözlə baxır. Belə bir fonda münaqişə də uzanaraq həll olunmur. Bu əsasda Beynəlxalq Böhran Qrupu yaxın aylarda bölgədə müharibənin başlaya biləcəyilə bağlı fikirlər səsləndirir. Görəsən, bu nə dərəcədə realdır və nə vəd edir?
Politoloq Elşən Mustafayev hazırkı situasiyada Beynəlxalq Böhran Qrupunun açıqlamasını ciddi saymır: "Yaxın vaxtlarda Qarabağ ətrafında hər hansı bir müharibənin başlana biləcəyinə inanmıram. Sadəcə olaraq, hazırda ara-sıra davam edən atəş rejiminin bir qədər intensivləşməsi baş verə bilər. Amma geniş səpkili müharibənin başlayacağı ağlabatan görünmür. Hazırda Azərbaycanda seçki öncəsi olduğundan ölkəmiz indilik bu məsələdə maraqlı deyil. Lakin seçkidən sonrakı dövrdə Rusiya tərəfindən bu istiqamətdə çalxalanma ehtimalı ola bilər. Ermənistana qalsa, onun üçün hazırkı durum qaneedicidir. Çünki problemin həlli uzandıqca onun həlli məsələsi də çətinləşir. Bu mənada Beynəlxalq Böhran Qrupunun bu açıqlamasını indilikdə ciddiliyə almıram".
Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev də Beynəlxalq Böhran Qrupunun açıqlamasını bölüşmür: "Beynəlxalq Böhran Qrupunun yaxın aylarda Qarabağda müharibənin başlaya biləcəyinə dair münasibətinə qeyri-ciddi yanaşmaq lazım deyil. Onların işi budur. Bu qrup müxtəlif istiqamətlərdə təhlillər aparır. Burada olanlar arasında ciddi təhlilçilər də var. Düzdür, sözügedən münasibətdə birbaşa qoyulmur ki, yaxın vaxtlarda müharibə başlayacaq. Yazılır ki, vəziyyət gərgindir və o gərginliyin əlamətlərini göstərirlər. Amma bu o demək deyil ki, müharibə başlayacaq. Lakin bununla bərabər beylənxalq Böhran Qrupunun məsələyə münasibətinə ən azından diqqətlə baxmaq lazımdır. Xüsusilə Ermənistan. Çünki söhbət müharibədən, problemin qeyri-siyasi yolla həll olunmasından gedirsə, Ermənistan təşviş keçirməlidir. Ermənistan müxtəlif səviyyələrdə Azərbaycanı güclü hərbi hazırlıqla bağlı ittiham etməyə çalışır. Hansı siyasi meydanda Ermənistanın əlinə girəvə düşürsə, o dərhal Azərbaycanı ittiham edir. Bu mənada digər dövlətləri Azərbaycanın üstünə qaldırmağa çalışır ki, guya ölkəmiz regionda gərginliyi artırmağa meyllidir. Amma Ermənistana Azərbaycanın nə üçün bu addımları atması barədə sual verən yoxdur. Çünki torpağı işğal olunan Azərbaycan ərazisidir. Ermənistanın torpağı isə işğal olumayıb. Ermənistan daxilinə heç bir Azərbaycan əsgəri daxil olmayıb. Yəni fakt göz qarşısındadır. Buna baxmayaraq, haqlı olmayan Ermənistan tərəfi bu kimi təbliğatdan istifadə etməyə çalışır. Biz bunlara öyrəncəliyik, neçə vaxtdır ki, bu cür davam edir. Beynəlxalq qurumların Dağlıq Qarabağla bağlı bu tip hesabatlarını üst-üstə gəlsək, son bir neçə ildə çoxsaylı belə hesabatların olduğu üzə çıxar. Həmin hesabatların da əsas mahiyyəti bir-birinə oxşardır. Hamısı da gərginliyin getdikcə artmasından xəbər verir. Təbiidir, real vəziyyəti əks etdirirlər. Amma bu hesabat həm də xəbərdarlıq xarakteri daşıdığı üçün bəzən rənglərin tündləşdirilməsi məsələsi də var. Hər bir halda həmin xəbərdarlıqlara ciddi yanaşmaq lazımdır. Lakin yaxın aylarda hansısa başqa hadisələrin baş verəcəyilə bağlı bu tip proqnozları bölüşmürəm. Çünki regionda belə hadisələrin baş verməsinin gerçək olacağının xüsusi əlamətləri olmalıdır. Prosesləri dünyanın başqa mərkəzlərindən də izləyənlər var. Müharibə məsələsi gerçəyə oxşasaydı, çoxdan həyəcan təbili çalınardı və bunun əlamətləri görünərdi. Lakin vəziyyət sözsüz ki, gərgindir. Ona görə ki, problem həll olunmayıb. Azərbaycan bu vəziyyətlə barışmayacaq. Azərbaycan hansı tədbirləri görür, hansı bəyanatları verirsə, bütün bunların əsasında çıxarılan nəticə odur ki, ölkəmiz torpaqlarının işğal olunduğunu unutmayacaq və bu faktla barışmayacaq. Bu, həmişə düzgün olaraq vurğulanır. Əvvəl-axır Azərbaycan öz torpaqlarını azad edəcək".