Cinayət-Prosessual Məcəlləsinin kommentariyası nəşr olunub
1 Oktyabr 2013 18:20 (UTC+04:00)
Azərbaycan hüquq ədəbiyyatında xüsusi yeri olan
"Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
kommentariyası" kitabı "Digesta" nəşriyyatında təkrar çapdan çıxıb.
70×100/16 formatda 1364 səhifədən ibarət bu kitabın təkrar nəşrində
Cinayət-Prosessual Məcəlləyə Azərbaycan Respublikası Milli
Məclisinin 2013-cü il yaz sessiyasında edilmiş əlavə və
dəyişikliklər, keçən dövr ərzində toplanmış məhkəmə və istintaq
təcrübəsi, habelə mütəxəssislərin bir sıra mülahizələri nəzərə
alınıb. Kitabın müəllifləri cinayət-prosessual qanunun
mahiyyətini açmağa, onu, necə deyərlər, geniş hüquq ictimaiyyətinin
daha asan başa düşəcəyi və dərk edəcəyi şəklə gətirməyə cəhd
ediblər. Kommentariyanın yazılmasından əvvəl, habelə onun yazılması
gedişində aparılmış təhlillər göstərib ki, yeni cinayət-prosessual
qanuna münasibətin müxtəlif olmasının əsas səbəblərindən biri də
onun ayrı-ayrı norma və müddəalarının hamı tərəfindən heç də düzgün
və birmənalı başa düşülməməsi olub. Belə mürəkkəb normativ hüquqi
aktlar barəsində kifayət qədər tez-tez rast gəlinən bu halın aradan
qaldırılması yeni Cinayət-Prosessual Məcəllənin elmi-praktiki şərhə
ehtiyacı olduğunu üzə çıxarıb. Bu baxımdan oxuculara təqdim edilən
kommentariya ölkəmizin cinayət-prosessual qanununun tətbiqi
təcrübəsinin asanlaşdırılmasına, ayrı-ayrı mübahisəli məsələ-lərin
həllində tövsiyələrin verilməsinə yönəlib. Kommentariyada Azərbaycan Respublikasının hazırda qüvvədə olan
Cinayət-Prosessual Məcəlləsinin bütün maddələrinin ayrı-ayrılıqda
şərhi verilib. Uzunmüddətli və çox ağır zəhmət bahasına başa gəlmiş
bu kommentariyanın hazırlanması zamanı Konstitusiya Məhkəməsinin və
Ali Məhkəmənin Plenumunun hazırda qüvvədə olan qərarlarından,
habelə ayrı-ayrı konkret işlər üzrə məhkəmə təcrübəsinin
təhlilindən geniş istifadə edilib. Cinayət-prosessual qanunun
ayrı-ayrı normaları təhlil edilərkən ilk növbədə Azərbaycan
Respublikasının Konstitusiyasının, qanunlarının, Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarının, habelə Azərbaycan
Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin müddəaları
rəhbər tutulub. Geniş hüquq ictimaiyyətinə təqdim olunan
kommentariya Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinin doktrinal şərhidir. Lakin kommentariya müəllifləri
cinayət-prosessual qanunun ayrı-ayrı normalarını təhlil edərkən,
ilk növbədə, həmin normaların təcrübədə tətbiqi mövqeyindən çıxış
edib, ayrı-ayrı istintaq və ya prosessual hərəkətlərin həyata
keçirilməsinin qaydalarını, şərtlərini, ümumiyyətlə, cinayət
mühakimə icraatının qaydalarını şərh etməyə cəhd ediblər. Bu
səbəbdən cinayət-prosessual qanunvericiliyin tətbiqi sahəsində
fəaliyyət göstərən hər bir şəxs təqdim edilən kommentariyadan özü
üçün hər hansı bir fayda əldə edə biləcək. Bununla belə,
kommentariyadan cinayət prosesini öyrənən, bu sahədə tədqiqatlar
aparan tələbə, müəllim və aspirantlar da yararlana
bilər. Kommentariya ölkəmizdə öz peşəkarlığı və səriştəsi ilə
seçilən geniş müəlliflər kollektivinin birgə əməyinin məhsuludur.
Bundan başqa, kommentariyanın hazırlanmasında ölkəmizdə tanınmış
bir sıra qabaqcıl mütəxəssislərin fikir və rəyləri öyrənilərək
nəzərə alınıb. Geniş oxucu auditoriyasına təqdim edilən bu
kommentariya Azərbaycan Respublikasının tarixində
cinayət-prosessual qanuna tam şərh verilməsinin ilk nümunəsidir.
Müəlliflər kollektivi şübhə etmir ki, bu əsər müəyyən qüsur və
çatışmazlıqlardan azad deyil. Odur ki, müəlliflər kollektivi
kommentariya haqqında söylənəcək hər bir fikir, rəy və iradı qəbul
etməyə, diqqətlə öyrənməyə və ayrı-ayrı normalara verilmiş şərhin
təkmilləşdirilməsində nəzərə almağa hazır olduğunu əvvəlcədən
oxucuların diqqətinə çatdırmağı özünə borc bilir. Hər bir fikir,
rəy və mülahizə "Digesta" nəşriyyatı vasitəsilə müəlliflər
kollektivinə çatdırıla bilər. Qeyd
edək ki, kitabın müəllifləri 18 nəfərdən ibarətdir. Onların
arasında Cəfər Mövsümov, Eldar Həsənov, Bəxşeyiş Əsgərov, Aydın
Yusubov, Ərşad Hüseynov, Bəhruz Kərimov və digər tanınmış
hüquqşünaslar var.