Müqaviləli orduya keçid aktuallaşdı

2 Oktyabr 2013 08:56 (UTC+04:00)

Danılmaz həqiqətdir ki, bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü silahlı birləşməsinə çevrilib. Artıq ölkəmiz silah istehsalında da öz sözünü deyib. Bununla yanaşı, hazırda dünyanın bir çox ölkəsindən silah idxalını da həyata keçirməkdədir. Bütün bunlar fonunda isə ordumuzun çağırışla yanaşı, müqavilə əsasında formalaşması məsələsində hələ də genişmiqyaslı addımlar atılmır.

Silahlı qüvvələrin əsas hissəsi çağırış əsasında formalaşsa da, dünya praktikası göstərir ki, müqaviləli ordu da böyük effektə malikdir. Hesab edilir ki, ordunun bu növü də ola biləcək Dağlıq Qarabağ döyüşlərində həlledici rol oyanaya bilər.

Bu gün Azərbaycan cəmiyyəti, həm də dövlətin buna hazır olduğu görünür. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirir ki, Azərbaycanda bu məsələyə baxış birmənalı olmayıb: "Bir çox şəxs elə hesab edir ki, müqaviləli ordu tamamilə çağırış sistemindən imtinaya səbəb ola bilər. Bu da ordunun komplektləşməsində problemlər yaradar. Halbuki, bunların birbaşa müəyyən bir-birinə aid olan nöqtələri var. Eyni zamanda fərqlər də mövcuddur. Bu cəhətdən iki ideyanı qarşı-qarşıya qoyub, prosesə müqavimət göstərmək yanlış bir siyasət olardı. Azərbaycan ordusunda müqaviləli ordunun elementləri sayılacaq 7 min nəfərlik hissə bizim tam potensialımızı ifadə etmir. Əslində, Azərbaycanda həmin sistemə keçid olsa, bu, peşəkarlıq, manevretmə imkanlarına və s. kimi məsələlərə avtomatik təsir göstərəcək. Bu o deməkdir ki, vətəndaş özünün taleyini ordu ilə əlaqələndirir. Şübhəsiz ki, onun imkanları minimum il yarım ərzində hərbçi olan şəxslərlə eyni deyil. Ona görə də dünyada peşəkar ordu quruculuğunun əsasını məhz müqaviləli xidmət təşkil edir. Birmənalı olaraq, tərəfindəyəm ki, gələcək dövrdə bu sistemin hər ikisini saxlamaqla bütövlükdə müqaviləli xidmətə keçid olsun. Bu, Azərbaycanın imkanlarına və regional potensialına yalnız müsbət təsir edər".

Hərbçi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, istənilən halda Azərbaycan tədricən bu sistemə keçməlidir: "Çünki, bunu zaman tələb edir. Bu məsələnin uzanması ölkəmiz üçün xeyli daxili problemlər yaradır. Daxili problem deyəndə onu nəzərdə tuturam ki, biz hələ də çağırış sistemində 18 yaşlı gənclərin əməyindən istifadə etməyə məcburuq. Amma 20-30 min gənc əsgər çağırmaqdansa, onun yarısı qədər peşəkarlar müqavilə əsasında orduya çağrılsa, daha çox effektiv olar. Həm təcrübə, həm də keyfiyyət nöqteyi-nəzərindən önəmlidir. Rəsmilərin bir hissəsi deyir ki, Azərbaycan müharibə şəraitində olduğundan buna keçə bilmərik. Amma illərdir, bunun şahidi oluruq ki, müharibə şəraitində olmağımız bəzən gənc əsgərlərə orduda müəyyən problem yaradır. Problemlər də ondan ibarətdir ki, bizim gənclər orduya püxtələşməmiş gedirlər. Bəzən onların müəyyən hissəsi bu çətinlikləri keçsə də, bir hissəsi keçə bilmir. Nəticədə də nizamnamədən kənar məqamlar əmələ gəlir. Ona görə də müqaviləli orduya keçmək üçün artıq çoxdan işlər başlanılmalı idi. Ölkədə bu istiqamətdə görülən işlərin miqyası artırılmalı, həm də keyfiyyət lazımi səviyyəyə çatdırılmalıdır.

Ölkəmizdə demoqrafik məsələdə heç bir problem yoxdur. Nəzərə alaq ki, bu gün Azərbaycanda silah arxasına keçmək istəyən kifayət qədər insan var. Onlara dövlət peşəkar səviyyədə məvacib ödəyəcək. Bu gün müddətdən artıq xidmət edənlər (MAXE) əsgər sayılsalar da, peşəkarlığa ilk addım hesab etmək olar. Onlar orduda böyük bir qüvvəyə malikdirlər. Yəni, dövlətin 100 min əsgərə sərf etdiyi vəsaiti 50 min peşəkar əsgərə sərf etmək olar. Tətbiq olunan ölkələrdə bu, normal məcrasına düşüb. Sanki biz öz gənclərimizi qorxaq olduğuna işarə edirik ki, müqaviləli orduya keçsək, insanlarımız getməz. Amma bu, belə deyil. Peşakarlar 1 il müddətinə getmir. Ən azı 3 il müddətinə müqaviləyə imza çəkirlər. Belə olanda böyük bir rəqabət yaranacaq. Yaxşılar qalacaq, zəiflər isə başqa sahəyə üz tutacaqlar. Hazırda bunu dövlətin tənzimləməsi üçün kifayət qədər inzibati metodlar var".