AKP Əlikram Hümbətovla bağlı bəyanat yaydı

2 Oktyabr 2013 11:22 (UTC+04:00)

AKP MK-nın mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, özünü separatçı "Talış-Muğan Respublikası"nın "prezidenti" elan edən və Lənkəran batalyonunun sabiq komandiri Əlikram Hümbətovun Ermənistan və Dağlıq Qarabağa səfərində dərin narahatçılığını bildirərək bununla əlaqədar Bəyanat qəbul edib.

Min illik dövlətçilik tarixi olan, ərazisində Azərbaycan türklərindən başqa, azsaylı xalqların yaşadığı Azərbaycan Respublikası, vaxtaşırı separatçı qüvvələrlə üz-üzə gəlib və belə qüvvələr bu gün də mövcuddur. Öz məkrli niyyətlərini reallaşdırmaq üçün Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş siyasət yürüdənlərdən biri, guya talış xalqının hüquqlarını müdafiə etmək məqsədilə erməni seperatçıları ilə görüşlər keçirən Əlikram Hümbətovun Ermənistana və Dağlıq Qarabağa səfər etməsi Azərbaycan Kommunistlərinin və geniş ictimaiyyətinin böyük hiddətinə səbəb olub.   

Vaxtı ilə Qarabağ separatçılarına qarşı vuruşan və Bakıdan Xankəndinə basıb keçəcəyini bəyan edən "polkovnik" Hümmətov heç nə olmayıbmış kimi, bir neçə gün qabaq özü İrəvandan Xankəndinə səfər edib və yaşlaşdıqca müdrikləşmək, səhvlərini etiraf edib düzəlmək əvəzinə, orda növbəti ağılsız açıqlamalar verib.

Öz çıxışlarında Qarabağda, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş azərbaycanlı, talış, ləzgi, rus, yəhudi və digər  millətlərdən olan insanları şəhid yox, "lazımsız qurbanlar" adlandıran bir insana ağıllı demək mümkün deyil. Talış xalqına heç bir etnik, bioloji bağlılığı olmayan separatçı Əlikram Hümbətovun İrəvan və Xankəndindəki çıxışları, konkret olaraq talış xalqını, bu xalqın Qarabağ uğrunda şəhid olmuş övladlarının ruhunu alçaltmaqdır. Azərbaycanın ağır illərində bütün azsaylı xalqlar kimi, talışlarda  silaha sarılaraq  vətənin müdafiəsinə qalxıblar və bu mübarizədə canlarını qurban veriblər. Talış xalqının yüzlərlə, minlərlə oğlu Qarabağda şəhid olub. Onların ruhu heç vaxt Ə.Hümbətov kimi vətənsiz xaini bağışlamaz.

Azərbaycan Kommunist Partiyası, Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü parçalamaq məqsədi ilə separatçı qüvvələrin başında duran və buna görə də Azərbaycan Respublikasının vətəndaşlığından məhrum olunan, ölkədən qovulmuş Əlikram Hümbətovun öz separatçı siyasətini xaricdə davam etdirməsi faktını kəskin pisləyir. Və min illər boyu Azərbaycan ərazisində çiyin-çiyinə yaşamış müxtəlif millətlər arasında "düşmənçilik toxumu səpən" belə naqis  satqınların bu hərəkətlərini, xalqımızım düşmənlərinə xidmət göstərməsi  kimi qiymətləndirir.