İran XİN rəhbəri ABŞ prezidentini öz mövqeyində sabit qalmağa çağırıb

2 Oktyabr 2013 12:04 (UTC+04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Barak Obamanın səsləndirdiyi fikirlərə öz "Twitter" səhifəsində münasibət bildirib.

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, Məhəmməd Cavad Zərif ABŞ prezidentini yanlış və qürurlu fərziyyələrdən çəkinməyə, həmçinin öz mövqeyində sabit qalmağa çağırıb.

 

İran XİN rəhbəri B.Obamaya İranın sanksiyalar yolu ilə müzakirəyə hazır olacağı təsəvvüründən əl çəkməyi tövsiyə edib: "ABŞ prezidenti öz mövqeyində qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi üçün stabil olmalıdır. Onun ziqzaq hərəkətləri qarşılıqlı etimadı məhv edir və ABŞ-ın etibarına zərbə vurur. Obamanın İranın qeyri-qanuni sanksiyalar və təhdidlər vasitəsilə müzakirə aparması ilə bağlı təsəvvürü xalqımıza qarşı hörmətsizlik, təkəbbürlü və yanlış davranışdır".

 

Qeyd edək ki, ABŞ prezidenti İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə bir daha bildirib ki, İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün bütün seçimlər, o cümlədən hərbi variant da masa üzərindədir.