Şabran və Quba ahıllarına bayram sovqatı – FOTO

2 Oktyabr 2013 13:19 (UTC+04:00)

Ötən gün Qızıl Aypara Cəmiyyətinin təşəbbüs və təşkilatçılığı, eləcə də 12 May Şirkətinin təşkilatçılığı və sponsorluğu ilə Beynəlxalq Ahıllar Günü münasibəti ilə Şabran və Quba rayonlarının ağsaqqal və ağbirçəkləri ilə görüş keçirilib. Təşkilatçılar öncə Şabran rayonunda yerləşən Ağsaqqallar Evində düzənlənmiş tədbirdə iştirak ediblər. Tədbirə rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov, icra hakiminin birinci müavini Mehdi Balabəyov, ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Fikrət Nuşiyev 12 May şirkətinin prezidenti Hacı Səbuhi Rəcəb, şirkətin direktoru Pərviz Əzimzadə, Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Əziz Qocayev, cəmiyyətin icmaların inkişafı sektorunun rəhbəri Emil Seyidəliyev rayon ağsaqqal və ağbirçəkləri qatılıblar. 

Tədbiri giriş sözü ilə Rayon Ağsaqqallar Şurasının sədri Bəhlul Abbasov açaraq prezident İlham Əliyevin ölkə ahıllarına göstərdiyi qayğı və diqqətdən, eləcə də rayon icra hakimiyyətinin ahıl sakinlər üçün yaratdığı şəraitdən, diqqətdən söz açıb. Sonra rayonun ağsaqqalları – sosialist əməyi qəhrəmanı, Prezident təqaüdçüsü Qərib Orucov, təqaüdçülər Güləli Binəliyev, Rahib Aslanov çıxışlarında ahıllara göstərilən qayğıdan danışıblar.

Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Əziz Qocayev, eləcə də 12 May şirkətinin prezidenti Hacı Səbuhi Rəcəb çıxışlarında rayon ahıllarını bayram münasibətilə təbrik ediblər. Hacı Səbuhi Rəcəb çıxışında 12 May şirkətinin yaranması, məqsədi haqda ahıllara məlumat verib və belə bir tədbirdə çıxış etdiyi üçün məmnunluq duyduğunu bildirib. Daha sonra İcra hakimi Novruz Novruzov ahılları təbrik edib, ölkə prezidentinin ahıllara olan diqqətindən söz açıb. 

Çıxışların ardından tədbirin bədii hissəsi başlayıb. Bədii hissədə tanınmış tarzən və şair Məmməd Ağasıyev, əməkdar artist Almaz Ələsgərova və gənc müğənni Nəsimi Məmmədov musiqi nömrələri ilə çıxış ediblər. Tədbirdə iştirak edən ahıllara 12 May şirkəti və Qızıl Aypara Cəmiyyətinin gətirdikləri sovqatlar hədiyyə edilib.

Təşkilatçılar sonra Quba rayonunda Ahıllar Günü münasibətilə düzənlənmiş tədbirə qatılıblar. Tədbirə Quba rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Yusif Abidov və başqaları qatılmışdılar. Rəsmi çıxışlardan sonra paytaxtdan təşrif buyurmuş adları yuxarıda qeyd olunmuş sənətçilər, eləcə də müğənnilər Aslan Hüseynov və Sevda Kazımova ahıllar qarşısında konsert proqramı ilə çıxış ediblər. Tədbirin sonunda ahıllara ərzaq sovqatları paylanıb.