Səfər Əbiyev: “ATƏT-in Minsk qrupu fəaliyyətini gücləndirməlidir”

2 Oktyabr 2013 16:30 (UTC+04:00)

"Ermənistan tezliklə təcavüzkar siyasətindən geri durmasa, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni icra etmək məcburiyyətində qalacaq"

 Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqası qəbul edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni səfiri təyinatı münasibəti ilə təbrik edən müdafiə naziri Yunanıstan-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini  qeyd edib.

 

Görüş zamanı səfir Dimitrios Tsounqas bütün sahələr üzrə ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib. 

 

Beynəlxalq təşkilatların, Avropanın aparıcı dövlətlərinin, xüsusilə Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün fəaliyyətlərini gücləndirmələrinə ciddi ehtiyac olduğunu bildirən Səfər Əbiyev əks təqdirdə bölgədə arzu olunmayan ağır  problemlərin yaranacağını vurğulayıb. Müharibənin hələ bitmədiyini xatırladan nazir diqqətə çatdırıb ki, tezliklə Ermənistan bu təcavüzkar siyasətindən geri durmasa torpaqların işğaldan azad edilməsi üçün Azərbaycan Ordusu öz üzərinə düşən vəzifəni icra etmək məcburiyyətində qalacaq.

 

Görüş zamanı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.