BƏƏ-də yaşayan azərbaycanlılar İlham Əliyevə dəstək müraciəti yayıblar

2 Oktyabr 2013 17:51 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyinə dair bəyanat verib. Azərbaycan Cəmiyyətinin sədri Samir İmanovun Birləşmiş Ərəb Əmirliklərində, ümumilikdə Fars körfəzi ölkələrində yaşayan azərbaycanlılar adından yaydığı bəyanatda bir neçə gündən sonra Azərbaycanda keçiriləcək prezident seçkilərində ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevi dəstəkləyəcəyini bilidirir və dünya azərbaycanlılarını da bu addımı atmağa çağırır. Bu barədə Mövqe.az YAP-ın saytına istinadən məlumat verir.


Təşkilatdan İlham Əliyevin seçki qərargahına daxil olan müraciətdə Azərbaycanın son 10 ildə müxtəlif sahələrdə əldə etdiyi uğurlar qeyd olunur, ölkə başçısının xaricdə yaşayan azərbaycanlılara göstərdiyi yüksək diqqət və qayğı xüsusi vurğulanır: "Dövlətin təşkilatçılığı ilə dünya azərbaycanlıları mütəmadi olaraq Azərbaycanda və digər ölkələrdə toplanır və vətənin inkişafi naminə birgə fəaliyyət strategiyası müzakirə edilir. Artıq bir neçə ildir ki, ABŞ-dan üzü Şərqə doğru, Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla erməni diasporu qarşımızda acizdir. Prezidentimizin diaspor siyasətinə lazımi diqqəti olmasaydı, bu işləri həyata keçirmək mümkün olmazdı. Əminəm ki, dünya azərbaycanlıları bizimlə həmfikirdirlər və bir neçə gündən sonra Prezidentimizi və xalqımızı təbrik edəcəyik. Şüarımız da dəyişilməzdir: İlhamla irəli!"


Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Azərbaycan Cəmiyyəti 2004-cu ildən fəaliyyət göstərir. Cəmiyyət Dubay şəhərində təsis edilib. Azərbaycan həqiqətlərinin BƏƏ-də təbliğ olunmasında cəmiyyətin böyük rolu var.