Klassik bəstəkar musiqilərinə müğənnilərin böyük biganəliyi

2 Oktyabr 2013 19:21 (UTC+04:00)

İlqar Muradov: "Gülməli oxumaqdansa, oxumamaq daha yaxşıdır"


Bu gün müğənnilərin ifasında klassik müsiqiyə, klassik bəstələrə nadir hallarda rast gəlinməkdədir. Ümumiyyətlə, bu qəbildən olan mahnılara diqqətin məhz müğənnilər tərəfindən getdikcə azalması aydın müşahidə olunur. Təbii ki, bu da nəticə etibarı ilə belə musiqilərə cəmiyyətin diqqət və marağını azaldır. 

Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən bəstəkar Faiq Sücəddinov qeyd edir: "Klassik musiqiyə maraq yoxdur. Əsas da gənclər bu cür mahnıları dinləmir, bəyənmir, heç bilmirlər də... Heç kim bir-birinə qulaq asmır, bir-birini dinləmir. Heç gənc nəsil Üzeyir Hacıbəyovu, Qara Qarayevi, Fikrət Əmirovu və digər dahi bəstəkarları  bəzən tanımır. Əgər tanımırlarsa, onların musiqilərinə necə qulaq asa bilərlər?! Necə klassik musiqiyə meyl edə bilərlər? Axı klassik musiqi maddi yox, mənəvi qazanc, rahatlıq gətirir. Bu da yəqin, indiki cavan nəslə lazım deyil. Ancaq klassik musiqini sevməmək elə savadsızlığa yol açır. Klassikləri tanımamaq, onların adını bilməmək elə savadsızlıq, bilgisizlikdir. İnsan qulaq asdığı mahnılara əsasən tanınır. Bayağaı mahnıları təbliğ edən televiziya kanalları çalışıb klassik musiqini də elə təbliğ etsə, nə gözəl olar! Amma təəssüf ki, televiziya kanallarına indi reytinq lazımdır. Bunu klassik musiqiləri təbliğ etməklə qazana bilmirlər, çünki tamaşaçının zövqünü korlayıblar". 

Müğənni İlqar Muradov isə bildirir: "Əsasən, bacaranlar klassika ifa edir. Klassik musiqini hər adam oxuya bilməz. Biz bacardığımız qədər ifa edirik. Ancaq şou müğənnilər çox zaman olur ki, klassik musiqi ifa etmirlər. Bu da o səbəblə bağlıdır ki, kiminin səsinə uyğun deyil, kiminin sahəsinə uyğun deyil, kimi də istəmir, oxumur. Şou-biznes nümayəndələri pul qazanmaq üçün musiqi ifa edirlər, o tip mahnılar oxuyurlar. Klassika isə qəliz bir şeydir. Amma bu o demək deyil ki, klassik mahnı oxuyan yoxdur, bu musiqi tamamilə yoxdur. Bunu demək yanlış olar. Müğənnilərin də bilirsiniz ki, hərənin öz janrı var. Əgər o, klassika ifa etmirsə, o demək deyil, həmin müğənni  peşəkar deyil. Və ya  onu müğənni adlandırmaq olmaz. Təbii hərənin öz janrı, ifa tərzi var. Sadəcə, biz hamımız çalışmalıyıq ki, klassik musiqini imkanımız çatan qədər ifa edək. Əgər səs imkanımız imkan verirsə, bu cür mahnılar oxumaq olar. Əgər hansısa müğənninin səsi varsa, qoy klassika oxusun. Səs imkanları imkan vermirsə, oxumasın. Gülməli oxumaqdansa, oxumamaq daha yaxşıdır".