Xəzəryanı ərazilər su altında qala bilər

3 Oktyabr 2013 08:11 (UTC+04:00)

Dəfələrlə BMT-nin hesabatlarında dünya okeanının səviyyəsinin yüksələ bilməsi ilə bağlı fikirlərə rast gəlmişik. Eyni məzmunla bu dəfə ABŞ-ın "Nature Climate Change" jurnalı çıxış edib. Jurnalın yazdığına görə, qarşıdakı üç onillikdə dünya okeanının səviyyəsi sürətlə yüksələcək.

Bununla da Avropa, Amerika və Asiyada bir çox quru əraziləri su altında qalacaq. Hətta belə fikirlər də səsələndirilir ki, bu dövr ərzində Xəzər dənizində su səviyyəsinin qalxması ehtimalı var. Halbuki, hazırda Xəzər dənizinin dünya okeanı ilə əlaqəli olmasında fikir ziddiyyəti hökm sürməkdədir. Mütəxəssislərin sözlərinə görə, dünya okeanın səviyyəsinin qalxması ehtimalı gözləniləndir. Buna hazırda hökm sürən qlobal istiləşmə və digər təbiət hadisələri imkan verir. Ancaq onu da bildirirlər ki, dünya okeanın səviyyəsinin qalxması Xəzər dənizinə birbaşa təsir etməz.

"Yaşıllar" Hərəkatının sədri Fəridə Hüseynova bildirir ki, bu gün orta illlik temperaturun qalxması ilə əlaqədar dünya okeanın qalxması baş verir: "Şimal və cənub qütbündə olan buzlar əriməyə başlayıb. Ona görə də dünya okeanının səviyyəsi qalxır. Lakin bu daha çox ada dövlətlərinə, dünya okeanın sahilində yerləşən ərazilərə təhlükə yaradır. Azərbaycan uzaqda olduğna görə, ona elə də böyük təhlükə gözlənilmir. Xəzər dənizinin dünya okeanı ilə əlaqəsi çox cüzidir. Hətta alimlər tərəfindən bu əlaqə qəti sübut olunmayıb. Dünya okeanın səviyyəsinin qalxıb-enməsinin Xəzər dənizinin səviyyəsinə təsiri ilə bağlı əlaqə tapılmayıb".

Ekoloq bildirdi ki, Xəzər dənizinin səviyyəsi qalxsa, sahilyanı Aran rayonlarını su basa bilər: "Çünki, Aran zonası dəniz səviyyəsindən 27 metr aşağıdadır. Amma bu ehtimal çox azdır. Çünki, hazırda Xəzər dənzinin səviyyəsi stabilləşib. Qalxarsa, əsasən kənd təsərrüfatına ciddi ziyan dəyəcək. Çünki, o zaman aqrar məqsədlərlə istifadə edilən torpaqların sahəsi azalır. Həmçinin ərazilərin azalması ilə əlaqədar insanların sıxlığı da artacaq. Onsuz əhalinin sıxlığı bizim ərazi üçün çoxdur. Amma bizdə dağlıq ərazilər nisbətən boşluqdur. Əhali daha çox Aran rayonlarında, paytaxtda cəmləşib. Ona görə də əhalini dağlıq ərazilərə köçürülməsi ilə bu fəsadların qarşsını almaq olar".

Coğrafiya institutunun "Eko-coğrafiya" şöbəsinin müdiri, professor Ənvər Əliyev bildiri ki, təbii proseslərin çoxu dinamikidir: "Yəni, periodik qalxıb enirlər. Təbiətdə bəzi proseslər qanunauyğunluqla, bəziləri isə dinamiki qanunauyğunluqla gedir. Məsələn, Qafqaz dağlarının hər il 2 - 3.7 sm qalxması təbii qanunauyğunluqdur. Orada amplituda, yəni enib-qalxma yoxdur. Amma Xəzər dənizinin enib-qalxma məsələsi var. Planet yaranandan dünya okenanında enib-qalxma problemi isə həmişə olub. Hazırkı vəziyyətdə dünya okean sularının vəziyyəti qalxmağa doğrudur. Çünki, Şimal Buzlu Okeanda buzların əriməsi, qlobal istiləşmə və s. buna şərait yaradıb. Ona görə də buna hazır olmaq lazımdır. Dünya okeanın səviyyəsinin qalxması bizim ölkə üçün o qədər də təhükəli deyil. Biz böyük quru sahədəyik və Xəzər dənizi də bu problemlərdən bir qədər uzaqdır. O, Atlantik Okeanın Hollandiya sahillərində, Aralıq dənizinin sahilindəki, o cümlədən dəniz hündürlüyündən az yuxarı olan ərazilərdə yerləşən şəhərlərə problem yaradacaq". Professor bildirdi ki, Xəzər dənizinin yalnız Rusiya düzənliyindən Kuma-Manıç çökəkliyi vasitəsi ilə dünya okeanı ilə əlaqəsi ola bilər: "Qara dəniz qalxdıqda ordan Kuma-Manıç çökliyi ilə gəlib Xəzər dənizinin səviyyəsini artıra bilər. Orada dəniz səviyyəsinin 7 metr hündürlüyü var. Əgər dünya okeanı 7 metr qalxarsa, Xəzər dənizinə Qara dəniz vasitəsi ilə axın ola bilər. Atlantik Okeanından Aralıq, Mərmərə, Ögey, Qara və Azov dənizinə və ordan da Kuma-Manıç çökəkliyi ilə Xəzərə gələ bilər. Ancaq okeanın 7 metr qalxma ehtimalı nisbətən azdır".

Ənvər Əliyev bildirdi ki, Xəzər dənizinin özünü qalxıb-enmə məsələsi qanunauyğunluqdur: "Vaxtı ilə biz bunu böyük təşvişlə qarşılayırdıq. Amma sonradan məlum oldu ki, Xəzər dənizində qalxıb-enmə iqlim hadisələri ilə daha çox bağlıdır. Əgər yağıntıların çoxalması baş verərsə, Xəzər dənizinin səviyyəsi qalxa bilər. Təcrübə göstərir ki, Xəzər dənizi 1-1.2 m enib-qalxma amplitudası var. Amma Xəzər dənizinin qalxma ehtimalına biz hazırıq".