ABŞ-dan Azərbaycana uzana biləcək təhlükə

3 Oktyabr 2013 11:08 (UTC+04:00)

Məlumdur ki, ABŞ Konqresində büdcə ilə bağlıziddiyyətə görə ABŞ hökumətinin fəaliyyəti rəsmi olaraq dayandırılıb. Bu bağlanma federal idarələri tam əhatə etməsə də, hökumətin demək olar ki, böyük əksəriyyətinə şamil olunub. Bu da təxminən 800 min hökumət işçisi deməkdir. Bel əfikirlər də səslənir ki, baş vernələr nəticəsində, bu ayın 17-də ABŞ büdcəsində defolt baş verəcək. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının əhəmiyyətli bir hissəsi təşkil etdiyindən baş verəcək böhran dünya ölkələrinə təsirsiz ötüşməyə bilər. Belə təhlükə əsasən ABŞ-da alınmış qiymətli kağızlar və dollar ilə saxlanılan digər ehtiyatlarda baş verə bilər. Nəzərə alaq ki, ölkəmizin də idarə olunan ehtiyatlarının bir hissəsi ABŞ-da saxlanılır. Böhran gələcəkdə dərinləşəsərsə, tək Azərbaycanın rezervləri yox, dünya ölkələrinin iqtisadiyyatı da təhlükə altına düşə bilər. Ancaq ekspertlərin sözlərinə görə, bu hadisə ABŞ-da dəfələrlə baş verdiyindən dərin böhranın olacağı gözlənilən deyil.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, hökumətin bağlanması spesifik olaraq ABŞ-a aid olan məsələdir: "Çünki, 1981-dən başlayaraq birneçə dəfə dəfə hökumət bağlanıb. Bu kimi tədbirlər dövlət qurumlarında çox da əhəmiyyətli olmayan şəxslərin işə gəlməməsi, ezamiyyətə göndərilməsi və ya xərclərə qənaət olunması kimi nəzərədə tutulur. Bütövlükdə belə bağlanmalar ABŞ iqtisadiyyatına böyük təsir göstərməyib. ABŞ iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatıdır. Bu baxımdan da nə Konqres, nə də Prezident Administrasiyası ölkənin iqtisadiyyatına mənfi təsir edəcək, dünya səviyyəsində reytinqinin aşağı düşməsinə gətirib çıxaracaq qərarlara getməyəcəklər. Bu, baş versə, bütövlükdə böyük iqtisadi böhrana gətirib çıxara bilər. Bu baxımdan məsələ yaxın zamanda öz həllini tapacaq".

Ekspert bildirdi ki, Azərbaycanın ABŞ-da olan ehtiyatlardan əldə olunan faizlər onun idarə olunmasına, çəkilən xərclərin və illik faiz dərəcələrinin kompensasiya edilməsində azlıq təşkil edir: "Bu baxımdan bizim ehtiyat vəsaitlərimiz xarici investisiyaların qoyuluşunda daha geniş istifadə olunmalıdır. İnvestisiya yatırımları daha çox real sektora yatırılmalıdır. Belə olduğu halda Azərbaycanda gələcəkdə neftdən gələn gəlirlər azalarsa, digər gəlirlər hesabına büdcəmizin stabilliyi qorumaq mümkün olar".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, büdcədə müşahidə edilən defolt ABŞ iqtisadiyyatı ilə bərabər digər ölkələrin iqtisadiyyatına da mənfi təsir göstərməkdədir: "Nəzərə alaq ki, ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının üçdə birini təşkil edir. O baxımdan bundan digər ölkələrin qayğılanması və təsir ehtimalları kifayət qədər böyükdür. ABŞ-dakı böhran digər ölkələr kimi Azərbaycana da təsir göstərə bilər. Hətta indiki məqamda güman olunmur ki, ABŞ-dakı böhran Azərbaycan iqtisadiyyatına təsir göstərməyəcək. Baxmyaraq ki, Azərbaycan Dövlət Neft Fondunun idarə edilən ehtiyatlarının 45% -i ABŞ-da saxlanılır. Nəzərə alaq ki, bu vəsaitlər ABŞ-da nisbətən az gəlirlidir. Bunlar az riskli bondların alınmasına yönəldilib. O baxımdan indiki halda ABŞ dövlət bondlarının qiymətinin kəskin azalacağı gözlənilmir. Onsuz da ABŞ-da bondların qiymətləri bütün hallarda yüksəkdir. O baxımdan indiki halda ABŞ-da baş verən böhranın Azərbaycan iqtisadiyyatına ciddi təsir edəcəyi gözlənilmir. Amma ABŞ-da baş vermiş böhranda ciddi defolt yaşanarsa, digər ölkələrin də iqtisadiyyatına təsir göstərəcək. Bu baxımdan ABŞ-dakı defolt Azərbayanın maraqlarına uyğun deyil. Amma böhran uzun müddətli dövrdə davam edərsə, onun qlobal xarakter alacağı, coğrafiyasını genişlənəcəyi gözlənilir. Nəzərə alaq ki, 2008-ci il böhranı da məhz ABŞ-da başlamışdı. Buna görə də böhranın dərinləşməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərə bilər".