ACP Milli Şuraya etirazının səbəblərini açıqladı

3 Oktyabr 2013 16:48 (UTC+04:00)

"Bizim Milli Şuranın prezidentliyinə namizədinin təşviqat kampaniyasında aktiv iştirak etməməyimiz ortadadır, yəni burada gizli bir şey yoxdur". Bu barədə Trend-ə Milli Şurada təmsil olunan Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva deyib.

Z.Dünyamalıyeva qeyd edib ki, ACP lideri də açıq-aşkar öz münasibətini bildirib: "Yəni Milli Şuranın ilkin layihəsi işləmədi, sonradan Müsavat Partiyası ilə AXCP Milli Şuranı demək olar ki, özəlləşdirdi. Bu da məlum məsələdir. Seçki ilində siyasilər tərəfindən maraq iki mənadadır. Yəni gücü olan siyasi mövqeyini ortaya qoyur, mübarizə üçün kifayət qədər baza toplayır, nə lazımdır onu ərsəyə gətirir. İkinci bir mövqeli adamlar var ki, onları ancaq seçkidən seçkiyə şəxsi maddi maraqları düşündürür. Azərbaycan müxalifətində siyasi partiyaların tam əksəriyyəti - özünü qabağa verənlər, öz maddi maraqlarını güdənlər ikinci varianta aiddir. O nöqteyi nəzərdən bu, Milli Şurada da özünü büruzə verdi".

O, hesab edir ki, C.Həsənlini oyuna saldılar, o bu seçkiyə getməməliydi: "Birinci qəbul etdiyi qərarda qalmalıydı ki, mənim bu yükün altına girmək gücüm yoxdur. Sonra 10 gün ərzində kimlərsə hansısa vədlərlə onu bu təşəbbüsə gətirdi və seçkilərə getmək qərarına gəldi. Mən bu işdə heç bir müsbət nəticə görmürəm. Buna görə də ACP lideri Rəsul Quliyev də bunu gördüyü üçün dəfələrlə mövqeyini bildirib. Ona görə də biz bu kampaniyada iştirak etmirik".

ACP-nin hələ də Milli Şuranın tərkibində qalması məsələsinə münasibət bildirən Z.Dünyamalıyeva bunu ictimai qınaqla əlaqələndirib: "Yəni biz Milli Şurada iştirak etmək üçün öz təşəbbüsümüzlə gəlmişdik. Amma sonradan bunlar Milli Şuranın mahiyyətini, yöndəmini dəyişəndən sonra biz oradan ona görə çıxmadıq ki, ictimaiyyətin qınağı olmasın ki, biz Milli Şuranı dağıdırıq".