Humay: "Ölməz sənətkarlarımızın da sponsoru olub"-FOTOSESSİYA-MÜSAHİBƏ

4 Oktyabr 2013 13:13 (UTC+04:00)

Qazandığı uğurlar, ifaetdiyi musiqilər artıq onun adının ustad tarzənlər sırasında çəkilməsinə səbəb olmaqdadır. Müşayiət etdiyimizə görə, xanəndələr ifaçılıq məharətinə görə onumuğama rəng qatan sənətkar kimi dəyərləndirirlər. Mövqe.az-ın suallarını barəsində söhbət açılan xanım tarzən Humay Qədimova cavablandırır.

- Sosial şəbəkələrdə aktivsiniz. Yay istirahəti zamanı çəkilən şəkillərinizi mütəmadi paylaşırınız. Yayı yaxşı dincəlmisiniz deyəsən...

- Aha, yayı çox yaxşı keçirdim. Düzdür, çox gəzmək üçün vaxtımız olmasa da, ancaq dincələ bildim. Əksər rayonlarımızı gəzdim. İstanbula getdim. Bol enerji ilə növbəti mövsümə hazıram.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Düşünürəm ki, mütəmadi yenilik etmək hər bir sənətçi üçün vacib amildir. Yenilik kimi klip barədə düşünürəm. Milli abu-havanı qoruyub, saxlamaq şərti ilə xalq və ya bəstəkar mahnılarımızdan birinə klip çəkdirəcəm. Hələ mahnını dəqiqləşdirməmişik. Ola bilər ki, qızlar üçlüyü ilə də birgə həmin mahnını ifa edək.

- Sizə dərs deməyən hansı tarzəni müəllim hesab edirsiniz?

- Elə sənətkarlar var. Öyrənmək ayıb deyil. İnsan özündən yaşca balacadan da nəsə öyrənsə, burada ayıblıq heç nə yoxdur. Elçin Haşımov, Firuz Əliyev, Möhlət Müslümov, Ağaxan Abdullayev mənim müəllimlərim olmasalar da, lakin mən onları sevə-sevə dinləyirəm.

- Solo da ifa edirsiniz, müşayiət də edirsiniz Hansı sizə daha çox xoşdur?

- Hər iksinin öz çətinliyi və özəlliyi var. Xanəndələri müşayət edəndə əziyyətim daha çox olub. Muğam üçlüyü kimi həm ölkənin hüdudlarında, həm də ki xaricdə çıxışlarımız olub. Ancaq Azərbaycada ansambl, ansamblın rəhbəri, xanım ifaçıları müşayiət edən xanım (Ceyran Haşımova) tarzənlər olub və var da... Amma ki, solo tar əlində istər bəstəkar, istər xalq mahnılarını ifa edən şəxs yoxdur. Mən bu addımı atmışam. Solo tarla ifada mən hesab edirəm ki, mənim ifalarım kifayət qədər uğurludur.

- Sizin təvazökarlıqdan uzaq bu fikirləriniz kimlərisə qıcıqlandırmır ki?

- Bəli, qıcıqlananlar olub. Onlara mənim cavabım belə olub ki, bu meydan, bu şeytan. Risk edən, mənlə meydana çıxan olmayıb. Danışanlar çoxdur. Mən bu sözü deyirəm, arxasında da dururam. O insanlara demək istəyirəm ki, ümumiyyətlə, sən kimsənsə çıx meydana, tar alətində bir ifa et, görüm sən kimsən axı? Tanıtdırın da özünüzü... Elə bilirlər ki, mənim yaşım onlardan azdırsa, mən onlardan çəkinəcəyəm, qorxacağam.

-Ad çəkə bilərsiniz ?

- Ad çəkməyəcəm. Səbəbini də deyim. Onları tanınmırlar axı, üzdə olan, fəaliyyəti olan insanlar deyillər ki, mən onları tanıyım və hələ üstəgəl ad da çəkim. Sadəcə, mənə zəng edəndə tanınmışların adından istifadə edirlər ki, filanıncı illərdə onlarla işləmişəm. Ancaq mən özüm həmin şəxsi axtarışa verəndə, onun haqqında heç bir məlumat tapa bilmirəm.

- Tarkanın, Sərdar Ortacın mahnılarnı tarda ifa etdiniz. Buna təbii münasibət birmənalı olmadı. Tənqid edənlər oldu?

- Riskli addım idi. Ancaq bu addımım riskli olsa da, müsbətə doğru idi. Ancaq mən nə geyimimlə, nə danışığımla, nə də ki ifamla tar alətini gözdən salacaq hərəkət etməmişəm. Bu alət çox sanballı alətdir. Tarkandan sonra əksinə, müsbət qarşılayanlar çox oldu. Azərbaycanda belədir də, ciddi sənətlə neçə il məşğul olursan heç kim səni tanımır. Ancaq xarici müğənnilərdən biri ilə Nəsə edirsən "partlayır".

- Həm də yaxşı piar idi ...

- Vallah, mən istər S. Ortacla, istərsə də Tarkanla ifa edəndən 7-8 ay sonra oturub, baxanda mənə çatdı. Dedim a, mən Tarkanla ifa etmişəm eee! Bəlkə də təklif onlar tərəfindən mənə gəldiyi üçün mən elə yanaşırdım. Elə bil belə də olmalıydı. Təklifi təşkilatçı Nahid Emiloğlu etmişdi və mən də razılaşmışdım.

- Azərbaycanda yazılmamaış qanunlardan biridə müğənni məşhurlaşırsa, deməli, onun mütləq sponsoru olmalıdır. Bu fikrə münasibətiniz və sizin sponsurunuz varsa, kimdir?

- (gülür) Mənim sponsorum yoxdur, olmayıb da...Mənim sponsorum Allah, sonra da ailəm...Ola bilər, kimsə istehza ilə güləcək. Amma qoy gülsünlər. Allah şahiddir. İndiki dövrdə belə suallar çox çıxır ortaya ki, gəncdirsə, "vidi-fasonu" varsa deməli bunun kimisə var. Ancaq bu doğru deyil. Sizə bir misal çəkim də. Deməli, ölməz sənətkarlarımızın da sponsoru olub?!

- Humay xanım dövr axı dəyişib...

- (Susur ) Ola bilər. Ancaq hamı elə deyil. Mən də özümə cavabdehəm. İndi heç kim heç nəyi ayıb da bilmir. Edirlər, bunu açıq da söyləyirlər.

- Mahnı da ifa da edirsiniz. Əvvəllər açıqlama vermişdiniz ki, ifanızdan o qədər də razı deyilsiz, əsas tardır. İndi vəziyyət nə yerdədir?

- Çox oxuyanlardan yaxşı oxudum. O deyənlər ki, var ki, Humay yaxşı oxumur, onlara cavabım budur ki, onlarda gedib tar ifa etsinlər. Görüm bacararlar? Mən heç vaxt pis oxuya bilmərəm. Çünki mən solfeciya, harmoniya, not bilirəm. 15 ildir, tarı öyrənə-öyrənə gedirəm. Mən alət bilirəm.

- Konsert zamanı fonoqram ifa edənlərə münasibətiniz?

- Heç kimin yerinə danışmaq istəmirəm. Ancaq konserti necə fonoqramla etmək olar?! 30 il sonra mən o konsertin nəyinə baxıb, feyziyab alacam axı?! Onda belə çıxır ki, mən konserti ancaq işıq effektlərinə görə etdim?! Axı hər konsert sənətçinin vizit kartıdır. Mən əgər konserti dizayna, işiq effektinə, bilet satmağa görə edirəmsə heç etmərəm.

- Keçək şəxsi həyata... Ay Humay xanım niyə evlənmirsiniz?

- ( sualın deyiliş tərzi Humay xanımın üzündə təbəssüm yaradır. Bu barədə danışmaq istəməyən tarzən xanımı mən və mətbuat katibi dilə tutmağa başlayırıq)

- Bilirsiniz, utanmıram. Sadəcə, bu müsahibəni başdan oxuyan şəxslər deyəcəklər ki, Humay bayaqdan sənət haqqında danışır, indi isə belə... Düzgün deyil, məncə. Ancaq sual verdiniz, deyə cavab verim. Şəxsi həyat planlaşdırmaya əsasən getmir. Mən ailə həyatı ilə bağlı xəyal qurmuram.

- Namizəd də yoxdur ?

- ( Düşünür) Hə də belə desək... (gülür)

- Sənətinizdən ailə quracağınız şəxsə görə imtina edərsiniz?

- Ağlı başında olan, insanı sonradan "Hə, mən sənə görə, sənətimi atıram" söznü deməyə peşman etməyən adama görə o addımı ataram. Sevgimə görə, hər şeyi qurban verərəm, fikrini də desəm, yalan demiş olaram. Mən heç düşünmürəm ki, nə vaxtsa sevə bilərəm. Sevəndə adamın başı özündə olmur.

- Mətbəxdə əl qabiliyyətiniz necədir?

- Yemək bişirə bilmirəm. Yalan deməyim. Öyrənərəm ehtiyac olsa. Bişirdiyimin də ya qolu, ya qanadı olmaz. Ləzzətli bir şey olmayacaq. Bizim gəlnimiz də gəlin gələndə yemək bişirə bilmirdi. Ancaq indi bir dadlı yeməklər bişirir ki, gəl görəsən...

- Həmişə brend geyinirsiniz?

- Həmişə çalışıram brend geyinim. Geyimlərim brenddir. Brend olmayanları da burdan almıram. Hansısa tədbirdə paltarım kimlərinki ilə oxşar olanda bundan xoşlanmıram. Alış-veriş üçün əsasən ildə bir neçə dəfə İstanbula gedirəm. Bizim mağazalarda əynimə geyim tapa bilmirəm. Ölçü problemim olur.

- Ən bahalı geyiminiz?

- Ən bahalı geyimim 3000 manatlıq paltarım olub.