Üzü çürüyən əsgərin ölümündə təqsirli bilinən həkim həbs edildi

4 Oktyabr 2013 13:31 (UTC+04:00)
Azərbaycan Silahlı Qüvvələri Baş Klinik Hospitalının tibb xidməti polkovnik-leytenantı Vasif Adıgözəlov həbs edilib. Movqe.az APA-ya istinadən xəbər verir ki, V. Adıgözəlov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun 500 manat məbləğində cərimə olunması barədə də qərar qəbul edib. Həmin hökmdən narazı qalan V. Adıgözəlov isə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Hazırda Bakı Apellyasiya Məhkəməsində V. Adıgözəlovun şikayətinə baxılır. Qeyd edək ki, 2011-ci il sentyabrın 29-da vəfat edən əsgər Eldar Novruzovun valideynləri KİV-ə açıqlamalarında övladlarına həkim Vasif Adıgözəlov tərəfindən səhv diaqnoz qoyulduğu üçün vəfat etdiyini bildirmişdilər. Bundan sonra Respublika Hərbi Prokurorluğunda əsgərin ölümü ilə bağlı araşdırmalara başlanılıb. Lakin V. Adıgözəlov həmin ittihamları qəbul etməyib.

Onu da qeyd edək ki, Sumqayıt Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü Eldar Novruzov Mingəçevirdə "N" saylı hərbi hissədə xidmət edib. Burnunda aparılan əməliyyatdan sonra vəziyyəti ağırlaşan E. Novruzov sentyabrın 29-da Gülhanə Tibb Akademiyasına aparılarkən yolda dünyasını dəyişib. V. Adıgözəlov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 341.1-ci (rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi) və 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddələri ilə ittiham edilib.