Hava səhhətimizə ciddi problem yaradır

4 Oktyabr 2013 14:15 (UTC+04:00)

Azərbaycanda havaların qəflətən dəyişməsi payız fəsli üçün, oktyabr ayı üçün xarakterik hava şəraiti sayılır. Bu sözləri Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova söyləyib. G. Məmmədova bildirib ki, bəzi insanlar üçün oktyabr ayında havaların soyması təəccüblü gəlsə də, əslində bu hava şəraiti oktyabr ayı üçün anormal sayılmır: "Hələ sentyabr ayının sonundan etibarən havada dəyişmə hiss olunmağa başladı. Temperatur qəflətən müsbətdən mənfiyə doğru dəyişdi. Son illər sentyabr ayında belə hava şəraiti az-az müşahidə olunduğundan, payız fəsli yeniə başlayandan havaların qəflətən dəyişməsi təəccüblə qarşılandı. Halbuki 1980-cı ilin sentyabr ayında da belə hava müşahidə olunmuşdu. Həmin ilin sentyabr ayının sonlarından başlayaraq leysan yağışlar yağmağa başladı. Yağıntılar normadan artıq düşmüşdü. Oktyabr ayında da havalar sərin keçəcək. Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir dərəcə aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi dağlıq və dağətəyi rayonlarda isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 14-16 dərəcə isti (gecələr 10-14, gündüzlər 17-22 dərəcə isti olacaq, bəzi günlərdə 24-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-23 mm) olacağı gözlənilir".

Həkimlər isə belə hava şəraitində əhalini ehtiyatlı olmağa, havaların qəflətən soymasının, dəyişkən hava şəraitinin onların sağlamlığına təsirsiz ötüşməməsi üçün ən vacib şərtin hava şəraitinə uyğun geyinmək oluğunu söyləyirlər. Terapevt Sevinc Məmmədova Movqe.az-a açıqlamasında bildirib ki,  havaların qəflətən dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür: " Havaların qəflətən soyması, temperaturun birdən-birə xeyli aşağı enməsi ilə əlaqədardır. Temperaturun kəskin enməsi nəticəsində bədəndə soyma baş verir ki, bu da orqanizmin immuntetini aşağı salır. Nəticədə orqanizmdə bakteriyalar baş qaldırır. Orqanizm mövsümi xəstəliklərə həssas olur. Tənəffüs yollarının kəskin respitaror xəstəliyi yüksək hərarətlə müşahidə olunur". 

S. Məmmədova deyir ki, havanın və fəslin dəyişməsi ilə baş qaldıran xəstəliklərdən qorumaq üçün fəslə uyğun geyinmək birinci şərtdir: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da tənəffüs yollarının iltihabı xəstəliyi yayılma tempinə görə 1-ci yer tutur. Buna səbəb tənəffüs üzvlərinin xarici mühitlə daha çox təmasda olmasıdır. Ona görə də, fəslə uyğun geyinmək, soyuq içkilərdən kənar durmaq, bədənin immuntetini qaldıran qidalarla qidalanmaq fəsil dəyişikliyi ilə müşahidə olunan xəstəliklərdən qorunmağın ən yaxın yoludur. Havaların dəyişməsi, temperaturin gah qalxıb, gah da enməsi bədəndə temperaturun sabit qalmamasına, dəyişməsinə gətirib çıxardır. Ona görə də, soyuqdəymə ilə müşahidə olunan xəstəliklər, mövsümi qrip viruslarına yoluxma hallar tez-tez baş verir. İnsanlar belə havada xəstəliyi yaxınlarına buraxmamaq üçün bədənin temperaturunu sabiq saxlamağa, düzgün qidalanmaya diqqət yetirməlidirlər".