Azərbaycanda cinsi fəallığı artıran preparatlar resseptlə satılan dərmanların siyahısına daxil edilə bilər-Eksklüziv

4 Oktyabr 2013 14:59 (UTC+04:00)

"Azərbaycanda cinsi fəallığı artıran preparatlar resseptlə satılan dərmanlar siyahısına daxil edilməlidir. Çünki bu preparatların digər dərmanlarla birgə istifadəsi ölümə də səbəb ola bilər".

Bu sözləri Movqe.az-a açıqlamasında seksopatoloq Mehriban Rzayeva söyləyib. M. Rzayeva bildirib ki, cinsi fəallığı artıran preparatlar nitro qrupuna aid olan dərmanlarla birgə qəbul edilərsə ölümə səbəb ola bilər: " Azərbaycanda cinsi fəallığı artıran preparatları istifadə edən kişilər bu preparatı kortəbii qəbul edirlər. Ən acınacaqlı hal isə artıq gənc oğlanların da bu preparata marağının artmasıdır. Onlar elə hesab edirlər ki, bu preparatı qəbul etməklə cinsi münasibətin müddətini bir qədər də artırıb daha çox həzz yaşayacaqlar. Amma bu an preparatın o yaş dövründə qəbuluna ehtiyacın olmamasının və digər əks təsirlərini unudurlar. Və cinsi fəallığı artıran preparatların istifadəçilərinin mütləq əksəriyyəti bu preparatı həkim tövsiyyəsi olmadan qəbul edir. Əslində isə preparat mütləq həkim təyinatı ilə qəbul edilməlidir. Əvvəlcə cinsi zəifliyin səbəbi öyrənilməli, daha sonra bu səbəbin aradan qaldırılması üçün müalicə kurslarına başlanılmalıdır. Bəzən cinsi fəallığın səbəbi psixoloji amillərlə də bağlı olur. Amma çox təəssüf ki, bəzi kişilər belə halda da cinsi fəallığı artıran həblər qəbul edirlər".

M. Rzayeva deyir ki, əks cinsin nümayəndələri cinsi fəallığı artıran preparatlara adi dərman vasitəsi kimi baxsa da, əslində preparatın həkim təyinatı olmadan qəbulu ölümə belə səbəb ola bilər: "Cinsi fəallığı artıran preparatlar qan damarlarını genişləndirir. Əgər dərman preparatı nitro qrupuna aid dərmanlarla birgə qəbul edilərsə, bu beyində insult, ürəkdə infakt halları ilə nəticələnə bilər. Çünki, nitro qrup dərmanlar da qan damarlarını genişləndirir. Bu dərman preparatlarını qan damar xəstəliklərindən əziyyət çəkən, ürəyi xəstə olan, yüksək təyziqi olan, eləcə də şəkər xəstəliyindən əziyyət çəkən xəstələrə həkim göstərişi olmadan  qəbulu ölümlə nəticələnə bilər. Ona görə də, cinsi fəallığı artıran həblər mütləq həkim təyinatı ilə qəbul eidlməlidir". 

Seksapatoloq deyir ki, bəzi xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da, cinsi fəallığı artıran dərmanlar həkim ressepti ilə satılan dərmanlar siyahısına salınmalıdır. Çünki, ölkəmizdə bu preparatların istifadəçilərinin sayı günü-gündən artmaqdadır. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə Movqe.az-a açıqlamasında bildirib ki, bu tip preparatların satışına nəzarət vacibdir.