Avtobus sürücüləri sərnişinlərini daha bir təhlükəyə atır

4 Oktyabr 2013 17:31 (UTC+04:00)

Vaqif Əsədov: "Məsələni kökündən həll eləmək lazımdır"


Aparılan müşahidələr bir daha göstərir ki, qanunla qadağan olunmasına baxmayaraq, bu gün avtobuslar təhlükəsizlik qaydalarına əməl etməyərək içərisi sərnişinlərlə dolu halda yenə də  yanacaqdoldurma məntəqələrinə daxil olurlar. Məntəqələrdə buna qadağa qoyulsa da, xəbərdarlıq edilsə də sürücülər buna məhəl qoymurlar. Sərnişinlərin narazılıqlarına baxmayaraq, sürücülər "boş vaxtımız olmur" deyərək yanacaq doldurub hərəkətlərini davam etdirirlər. Bununla da  sürücülər vətəndaşların həyatını qəti nəzərə almırlar. Qanunla belə sürücülərə qarşı cəza olaraq cərimələr müəyyənləşdirilsə də, bu da onların təhlükəsizlik qaydalarına əməl etməsinə gətirib çıxarmır. Qeyd edək ki, sərnişin dolu avtobusların yanacaqdoldurma məntəqələrinə daxil olmaları yol-hərəkət qaydalarının pozulmasıdır. Və bu zaman avtobus sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimələnirlər.


Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov Mövqe.az-a verdiyi açıqlamada bu işdə günahkar olanlar, qanuna riayət olunmamasının səbəbləri  haqda danışıb: "Səbəb sürücülərlə yanaşı, sahibkarların da qanunu pozmasıdır.  Qanun pozulduğu halda, sürücü cəzalandırılmır, sahibkar cəzalandırılmır. Əgər sürücü cəzalandırılsa, o, bir də sərnişinlər avtobusda olarkən yanacaqdoldurma məntəqəsinə daxil olmaz. Burada sahibkarın da günahı var ki, təhlükəsizliyi təmin etmirlər. Bundan başqa sərnişinlərin də günahı var ki, avtobusda olarkən onun yanacaqdoldurma məntəqəsinə daxil olmasına göz yumurlar ". 

Ekspert yol polislərinin, sürücülərin, sərnişinlərin, qeyri-hökümət təşkilatlarının və KİV-in  birgə səyi nəticəsində bu problemin həll oluna biləcəyini bildirib: "Bu məsələ mətbuatda geniş şəkildə işıqlandırıdmalıdır. Qeyri-hökümət təşkilatları bu məsələyə əl atmalıdırlar. Qanunlara zidd hərəkət edildikdə, sadəcə, sözlə üstündən keçildiyi üçün bu problem hələ də davam edir.  Konkret şəkildə mübarizə aparılmır. Ona görə də, nəqliyyat sahəsində ciddi pozuntular olur, təhlükəzlik pozuntularına tez-tez təsadüf olunur. Bu problem ictimaiyyətin, yol polislərinin, sahibkarların və sürücülərin birgə səyi nəticəsində öz həllini tapa bilər. Və eyni zamanda yazarlar tərəfindən bu məsələ işıqlandırılarsa, əhali də məlumatlanar. Yol polislərinin atdığı və ya hələ atmadığı addımlar ciddiləşdirilməli və sürətləndirilməlidir. Qeyri-hökümət təşkilatları olaraq biz daha ciddi mübarizə aparmalıyıq. Məsələni gündəmdə saxlamalıyıq. İnsan həyatı ilə, səhhəti ilə oynamaq cinayətdir".

Nəqliyyat üzrə digər ekspert Natiq Ələkbərov isə  saytımıza verdiyi açıqlamada təhlükəsizlik haqda qanunun tam olaraq həyata keçirilmədiyi üçün sürücülərin sərnişin dolu avtobuslarla yanacaqdoldurma məntəqələrinə daxil olduğunu və insanların həyatını təhlükəyə atdıqlarını deyib: "Yanacaqdoldurma məntəqələri də belə avtobusları qəbul etməməlidirlər. Onlar belə hallarda məsuliyyətə cəlb olunmurlar. Qanunvericilikdə buna qarşı konkret olaraq inzibati məsuliyyət müəyyən olunub və  qanunun pozulduğu təqdirdə cərimələr müəyyən olunub. O cərimələr tətbiq olunmalıdır".   

Bakı Şəhər Yol Polis İdarəsinin (BŞBPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə məsələyə belə münasibət bildirib: 

"Məsələni kökündən həll eləmək lazımdır. Sərnişin daşımaqla məşğul olan hüquqi və fiziki şəxslərə şərait yaradılmalı, onların əlaqələrində yanacaqların verilməsinin təmin edilməsində müəyyən işlər görülməlidir ki, bu məsələ kökündən öz həllini tapsın. Belə halın şahidi olarkən sərnişinlərin də  haqlarını tələb etmək kimi hüququ var. Onların öz şikayətlərini bildirmələrinə qanun yol verir".

Qeyd edək ki, marşrut avtobuslarının sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olması sərnişindaşıma qaydalarının pozulması deməkdir. İnzibati Xətalar Məcəlləsinin 151.2-ci bəndinə əsasən, sərnişin daşıyan avtobuslar yanacaq doldurma məntəqələrinə işdən sonra daxil ola bilərlər. İş müddətində sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə daxil olan avtobusun sürücüsü 3 ballıq cəza alır və 40 manata qədər cərimə olunurlar.