Paytaxtda yeni tikinti bumu başlanır

5 Oktyabr 2013 08:37 (UTC+04:00)

Ölkədə inşa edilən mənzillərin sahəsinin əhaliin tələbatından az olması danılmaz həqiqətdir. Lakin yaxın perspektivdə bu vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişə bilər. Özü də dövlətin tikinti sektorunda yaxından iştirakı və müxtəlfi formada bu prosesə dəstək verməsilə.

İlk əvvəl qeyd edək ki, "Böyük Bakının inkişaf planı"na əsasən, 2030-cu ilədək paytaxtda adambaşına düşən yaşayış sahəsinin hazırkı 17 kvadratmetrdən 24-25 kvadratmetrə çatdırılmasını nəzərdə tutulur. Plana görə, 2030-cu ilədək paytaxtda yaşayış sahəsi 30 milyon kvadratmetrədək artacaq və 65 milyon kvadratmetrə çatacaq. Bu dövrdə şəhər əhalisi 3,325 milyon nəfərədək çoxalacaq. Bütün bunlar isə yeni tikinti bumunun başlanmasına rəvac verəcək. Hazırda isə yaşayış mənzilləri iləbağlı tikintinin həcmi elə də qənaətbəxş deyil. Məsələn, ötən ilin yekunları göstərir ki, Azərbaycanda hər min nəfərə 2,2 mənzil inşa olunub. Avropa, hətta qonşu Rusiya ilə müqayisədə bu rəqəm aşağıdır. Məsələn, ötən il şimal qonşumuzda hər min nəfərə 5,8 mənzil inşa edilib. Avropada isə bu göstərici 7,8 mənzil təşkil edir. Digər tərəfdən ötən il ərzində Azərbaycanda adambaşına cəmi 0,19 kvadratmetr mənzil sahəsi inşa olunduğunu göstərir. Bu isə 2011-ci illə müqayisədə yaşayış üçün daha az mənzil sahəsinin inşa edilməsindən xəbər verir. Azərbaycanda qiymət artımına baxmayaraq ölkədə bir nəfərə düşən mənzil sahəsi hələ də çox azdır. Belə ki, Avropa ölkələrində bu göstərici 30, Rusiyada, Ukraynada 25-27 kvadratmetrdən yuxarı olduğu halda, Amerikada 42 kvadratmetrdir. Azərbaycanda isə bu rəqəm 17 kvadratmetrdir. Lakin qeyd olunduğu kimi dövlətin yaxın iştirakı ilə başlanması gözlənən tikinti bumu vəziyyəti xeyli dəyişəcək. Məsələn, dövlət tikinti işlərində yaxından iştirak edəcək, məsələn, sosial evlərin inşası istiqamətində mühüm addımlar atılacaq, sərfəli şəkildə tikinti üçün kreditlər verəcək. Qeyd edək ki, elə "Böyük Bakının Regional İnkişaf Planı" çərçivəsində sosial evlərin də tikilməsi nəzərdə tutulur.

Bu arada xatırladaq ki, Azərbaycanda yeni ipoteka strategiyası hazırlanıb. Yeni ipoteka strategiyasında sosial ipotekanın insanlara yüngül şərtlərtlərlə və qiymətlərlə verilməsi və genişləndirilməsi düşünülür. Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, ilk dəfə olaraq beynəlxalq təcrübəyə, o cümlədən qonşu Türkiyə və Qazaxıstan təcrübəsinə uyğun olaraq dövlət və xüsusi bölmə partnyorluğu əsasında dövlətin "ekonom klass" mənzil tikintisinin genişləndirilməsi və sosial ipoteka ilə əlaqələndirilməsi təklif edilir: "Yeni strategiya çərçivəsində ən mühüm məsələlərdən biri əhalinin öz yığımları hesabına birbaşa ipoteka ilə mənzil almasıdır. Burada da Almaniyanın tikinti əmanət bankları modeli təcrübəsindən yararlanmışıq". Bütün bunlar isə dövlətin köməyi və iştirakı ilə tikinti işlərinin daha geniş vüsət alacağını göstərir.

Xüsusən də sahəsi kiçik mənzillərin inşasında yeni bir mərhlənin başlanacağını demək olar. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə aztəminatlı ailələr nəzərə alınaraq çox kiçik sahəli mənzillər tikilir. Belə hesab edilir ki, ipoteka kreditləşməsindən istifadə edənlər də daha çox kiçik sahəli evlərə üstünlük verir. Onu da bildirək ki, köhnə evlərin sökülməsi və onların yenilərilə əvəzlənməsi üçün hökumət tərəfindən müvafiq proqram da hazırlanıb. Qarşıdakı 10 il ərzində 8 milyon kvadratmetrlik ərazini əhatə edən köhnə evlərin sökülməsi planlaşdırılır. Köhnə evlərin yenilərilə əvəzlənməsinə dair proqram 2020-ci ilə qədər həyata keçiriləcək. Onu da bildirək ki, köhnə evlərin sökülməsi təkcə Bakının mərkəzilə məhdudlaşmır. Bu, paytaxtdan kənara doğru uzanan ərazilərdə də özünü göstərir. Belə ki, aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinir. Regionların sosial-iqtisadi inkişaf proqramı ilə bağlı bu tendensiya daha da dərinləşməkdədir. İndi infrastruktur tikintisinin coğrafiyası, daha çox, mərkəzdən kənar ərazilərə doğru genişlənməkdədir. Bu prosesdə də əsas ağırlıq yükü dövlətin üzərinə düşür. Beləliklə, qraşıdakı dövrdə ölkədə, əsas etibarı ilə də paytaxtda yeni tikinti bumunun başlanacağı gözlənir.