Bahalaşmanın qarşısını qiymətlərin dondurulması ilə almaq gündəmə gəldi

5 Oktyabr 2013 08:42 (UTC+04:00)

Gələn il Rusiyada keçiriləcək Olimpiada ərəfəsində Soçidə qiymətlərə limit təqdim ediləcək. Bu barədə Rusiyanın baş naziri Dimitri Medvedyev müvafiq sərəncam imzalayıb. Sərancama əsasən, sərnişin və yükdaşıma, müxtəlif servislər, quru təmizləmə xidmətləri üçün qiymətlər dondurulmuş olacaq. Qiymət qalxmasının qarşısının alınmasına bu ilin 1 noyabr tarixindən başlanılacaq.

Burada əsasən yerləşmə yerlərinə görə, otel qiymətlərinə müxtəlif limitlərin qoyulacağı bildirilir. Bəzi ekspertlər bunun həmin vaxt tələbatdan arta biləcək qiymətin qarşısını almaq üçün həyata keçirildiyini düşünürlər. Çünki, sonradan yüksəlmiş qiymətlərin aşağı düşməsi çətin məsələdir. Bəzi mütəxəssislər isə qiymət artımının qarşısını almaq üçün istifadə edilən belə inzibati metodu azad bazar iqtisadiyyatına müdaxilə hesab edirlər. Beynəlxaq tədbirlər zamanı ölkəyə turist axının çoxalması nəticəsində qiymət artımının olması ötən il ölkəmizdə də baş vermişdi. Azərbaycanda keçirilən "Eurovision" müsabiqəsi dövründə xüsusən otellərdə qiymət artımı müşahidə edildi. 2015-ci ildə ölkəmizdə Birinci Avropa Yay Olimpiya Oyunlarının keçiriləcəyini nəzərə alsaq, o zaman yenidən oxşar artımların olması istisna edilmir. Ancaq mütəxəssislər həmin dövrdə Azərbaycanda Rusiya varinatının tətbiq edilməsini məqsədəuyğun hesab etmirlər. Qiymətlərə limit qoymaqdansa, rəqabətin, otel xidmətinin gücləndirilməsini tərcih edirlər.

İqtisadçı ekspert Nazim Məmmədov məsəəlyə belə münasibət bildirir: "Dövlətin iqtisadiyyata müdaxilə etməsinə Rusiyada daha çox üstünlük verilir. Onlarda bir səhmançılıq yaratmaq refleksi var. Onsuz da Rusiyanın əsas şəhərlərində qiymətlər yüksəkdir. Ola bilsin ki, Rusiya imicini düzəltmək üçün bu addımı atmaq fikrinə düşüb. Ancaq tənzimlənməyə də bilər".

Ekspert əlavə etdi ki, administrativ üsullarla tənzimlənmə liberal bazar iqtisadiyyatına ziddir: "Bu yolverilməzdir. Güman etmirəm ki, azad rəqabət iqtisadiyyatı haqqında məlumatı olan ölkələr belə bir addım atsın. Rusiyanın addımları qeyri-adekvatdır. Güman etmirəm ki, bu, müsbət nəticə versin".

Ekspertin fikrincə, qiyməti tənzimləmək üçün iqtisadiyyatda rəqabət gücləndirilməlidir: "Eyni zamanda, daha çox xidmət verən təşkilatları cəlb etmək lazımdır. Burada müxtəlif qiymətli otellərin olması vacibdir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçısı Rəşad Həsənov bildirir ki, Medvedyevin atacağı addımın mahiyyəti başadüşülən deyil: "Amma turist cəlbedən tədbirlərin məqsədi odur ki, ölkəyə valyuta axını təmin olunsun. Düzdür, burada tanınmaq məsələsi də var. Amma əsas məsələ ölkəyə turist, valyuta axının təmin edilməsi, iqtisadiyyatda xeyrin əldə edilməsidir. Rusiya kimi ölkələrdə bunun iqtisadi xeyrindən çox siyasi tərəfləri prioritet olaraq qəbul edilir. Medvedyevin qərarı da məhz bununla bağlıdır. Çünki, həmin vaxt tələbat birdən-birə yüksələcək. Tələbatın yüksəlməsi də qiymətlərin artımına gətirib çıxaracaq. Yəqin ki, Medvedyev bunun inzibati şəkildə qarşsını almaq üçün belə addımı atır. Amma həmin metod iqtisadi cəhətdən o qədər də doğru addım deyil. Rusiyada azad rəqabət mühiti olmadığı üçün bu addım, baş verə biləcək fürsətdən istifadənin qarşsını almaq üçün düşünülüb. İnanmıram ki, Azərbaycanda da belə bir addım atılsın. İqtisadi cəhətdən doğru qərar deyil".

Ekspert əlavə etdi ki, 2015-ci ilə qədər hələ vaxtımız var: "Ona qədər inzbati metoddansa, iqtisadi üsllardan istifadə etmək olar. 2015-ci ilə qədər Azərbaycan turizm mühitini formalaşdırmalıdır. Həmin dövrə qədər turistlərin yerləşdirilməsi, müəyyən xidmət sahələri tələbatı ödəyə biləcək hala gətirilməlidir. Təkcə beynəlxalq yarışlarla bağlı deyil, ümumiyyətlə, Azərbaycan turizm sektorunu inkişaf etdilməlidir. Müəyyən brend otellərin olmasına baxmayaraq, xidmət məsələsində və bəzi sektorda çalışanların arasında rəqabət zəifdir. 2015 - ci ilə qədər elə bir mühit yaradılmalıdır ki, həmin dövrdə ölkəmizə gələn turistlərə yüksək səviyyəli xidmətin göstərilsin, Azərbaycanın imici baxımından problemlər həll edilsin. Həm də qiymətləri tənzimləmək üçün hansısa inzibati metodla iqtisadiyyata müdaxilənin qarşısı alınsın".