Pakistan parlamentinin müşahidəçi missiyası Azərbaycanda prezident seçkilərini izləyəcək

7 Oktyabr 2013 11:35 (UTC+04:00)

Pakistan parlamentinin müşahidəçi missiyası oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün oktyabrın 7-də Bakıya gələcək.


APA-nın Pakistanın "APP" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Pakistan Senatının xarici işlər, Kəşmir və Qilqit-Baltistan əyalətləri üzrə daimi komitəsinin iclasında çıxış edən senator Hacı Məhəmməd Adil bildirib ki, 6 müxtəlif siyasi partiyanın təmsilçiləri oktyabrın 11-ə kimi Azərbaycanda olacaq.


Bildirilib ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası seçkilərdə müşahidə aparmaq üçün Pakistan parlamentindən 15 nəfərlik nümayəndə heyətini dəvət edib. Komitənin üzvləri bu dəvətini yüksək qiymətləndiriblər.


Komitə eyni zamanda senatorlar Cahangir Badar və Müşahid Hüseyn Səid tərəfindən təqdim olunan qətnamə də qəbul ediblər. Yekdilliklə qəbul olunan qətnamədə müxtəlif beynəlxalq forumlarda Azərbaycanın Pakistana Kəşmir məsələsində dəstək verməsi alqışlanıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə olunub.