Xaricdəki seçici sayı müəyyən olub

7 Oktyabr 2013 12:20 (UTC+04:00)

Qarşıdan gələn prezident seçkiləri zamanı xaricdəki səfirliklərdə yaradılan 38 seçki məntəqəsində təxminən 12 min azərbaycanlı seçici iştirak edəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdulalyev bildirib.

Azərbaycan Seçki Məcəlləsinin 35.6 maddəsinə əsasən, seçicilərin sayı 50-dən artıq olan ölkənin xaricdə yerləşən 38 diplomatik nümayəndəliyində seçici məntəqələri yaradılıb. Abdullayevin sözlərinə görə, səfirliklərdə yaradılan seçki məntəqələri Bakı şəhəri Yasamal rayonu 15, 16 və 17-ci dairə seçki komissiyalarına birləşdirilib.

Abdullayevin sözlərinə görə, seçki bülletenləri, protokollar və digər materiallar artıq xaricdə yerləşən seçki məntəqələrinə çatdırılıb. Azərbaycan XİN seçki məsələsini diqqət altında saxlayır və seçkilərin keçirilməsi üzrə səfirliklərə müvafiq tapşırıqlar verir. Xaricdə akkreditə olunan diplomatik nümayəndəliklərin əməkdaşları Azərbaycanda prezident seçkiləri zamanı həmvətənlərimizin səsvermə hüququndan istifadəsi üçün səfərbər ediliblər.

Abdullayev vurğulayıb ki, azərbaycanlı seçicilərin yaşadıqları xarici ölkələr ən çox MDB dövlətləridir.