Sergey Lebedev: Seçkilərə hazırlıq yüksək səviyyədədir

7 Oktyabr 2013 14:15 (UTC+04:00)

MDB-nin müşahidə missiyasının rəhbəri Sergey Lebedev oktyabrın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.


Trend-in Mərkəzi Seçki Komissiyasına istinadən verdiyi məlumata görə, görüşdə MSK sədri müşahidəçilik institutunun seçkilərin şəffaflığı baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib, missiyanın üzvlərini Azərbaycanda görməkdən məmnun olduğunu söyləyib.


S.Lebedev deyib ki, seçkiqabağı vəziyyəti izləmək üçün MDB Müşahidə Missiyasının bir qrupu üzvü sentyabrın 10-dan Azərbaycandadır. Müşahidəçilər paytaxt Bakı ilə yanaşı respublikanın regionlarında da olub, bir sıra görüşlər keçirib, seçkiqabağı vəziyyəti öyrəniblər. Missiyanın digər üzvləri də regionlara səfər edəcək, səsvermə günü məntəqələrdə müşahidə aparacaqlar.


Görüşdən sonra S.Lebedev bildirib ki, MDB müşahidə missiyasının 300-ə yaxın üzvü də Azərbaycanın regionlarında olacaq, həm seçkiqabağı vəziyyəti öyrənəcək, həm də səsvermənin gedişini izləyəcəklər.


S.Lebedev seçkilərə hazırlığın yüksək səviyyədə olduğunu deyib. Onun sözlərinə görə, Prezidentliyə qeydə alınmış 10 namizədə seçkiqabağı təşviqat üçün bərabər şərait yaradılıb.


S.Lebedev əmindir ki, seçkilər yüksək səviyyədə başa çatacaqdır.