Azərbaycanda prezident seçkiləri günü hava yağmursuz olacaq

7 Oktyabr 2013 15:13 (UTC+04:00)

Azərbaycan oktyabrın 9-da prezident seçkiləri günü mülayim, əlverişli, nisbətən sabit hava şəraiti müşahidə ediləcək, havanın temperaturu ötən günlərlə müqayisədə 3-4 dərəcə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Zəif və mülayim külək əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun səhər saatlarında 12-15 dərəcə isti, gündüz 15-19 dərəcə isti, axşam yenidən 12-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın əksər rayonlarında oktyabrın 9-da hava əsasən yağmursuz olacaq.

Bəzi şərq rayonlarında səhər saatlarında duman, Lənkəran-Astara bölgəsində isə az yağış yağacağı gözlənilir.

Havanın temperaturu Aran rayonlarında gündüz 15-20, dağlıq ərazilərdə 6-11 dərəcə isti olacaq.