Ucuz kirayə mənzil tapmaq müşkülə çevrilib

7 Oktyabr 2013 15:46 (UTC+04:00)

Daşınmaz əmlak bazarında son vəziyyətin təhlili kiaryə evlərlə bağlı maraqlı bir vəziyyətin yarandığını göstərir. Belə ki, nisbətən ucuz sayılan kirayə evlərin tapılması artıq müşkül bir məsələyə çevrilib. Ümumiyyətlə, maklerlərin sözlərindən də belə məlum olur ki, azırda kirayə mənzil axtaranlar istədiklərini bir neçə ay əvvəllə müqayisədə ğapmaqda ciddi çətinliklər yaşayırlar. 

Bunun səbəbləri barədə Mövqe.az-a danışan M.B.A LTD şirkətinin rəhbəri, iqtisadçı ekspert Nüsrət İbrahimov qeyd edir: " İldən-ilə kirayə evlərin sayı azalır. Bunun da səbəbləri var. Əvvəllər kirayə evlər Kubinka, Sovetski məhlələrində, yataqxanalarda olurdu. Bu cür evlər münasib  qiymətə olurdu. Ancaq indi yataqxanalar yoxdur, Kubinka və Sovestkidə isə evlərin bəziləri sökülüb, bir qismi isə söküntü obyektinə çevrilməkdədir. Yataqxanadalar isə məcburi köçkünlər tərəfindən tutulub. Təklif azalır, ancaq il-ildən tələbələrin sayı artır. Rayonlardan iş üçün Bakıya gələnlər də bu vəziyyətə təsir edir. Tələbin artdığına baxmayaraq, bazarda təklif azalır. 

Tələbələr avqust ayının sonlarından sentyabrın birinci yarsına kimi ev kirayələyirlər. İş üçün Bakıya gələnlər isə sentyabrın əvvəllərindən oktyabrın birinci yarsına kimi bu məsələni həll edirlər. Məhz bu aylarda kirayə bazarında canlanma olur. Ev tapmaq mümkün olmur. Ancaq sonrakı aylarda, vəziyyət müəyyən dərəcədə dəyişir. İlin sonuna getdikcə bazarda stabilləşmə müşahidə olunur.Yeni ildən sonra isə bazarda təklif çoxalır".  

İqtisadçı-ekspert Rəşad Həsənov isə qeyd edir: "Kirayə evlərin azlığı və qiymətlərinin bahalığını şərtləndirən müxtəlif səbəblər var. Birincisi, regionlardan iş üçün Bakıya gələnlər var. Onlar Bakı şəhərinə üz tutur və təbii olaraq kirayə bazarlarının iştirakçılarına çevrilir. İkincisi, daşınmaz əmlak bazarında formalaşdırılan süni satış qiymətləri vətəndaşa ev sahibi olmağa imkanı vermir. Hər il yeni ailə quranların böyük bir qismi kirayə bazarının tələbatçısına cevrilir. Üçünçüsü, ötən müddət ərzində unveristetlərin paytaxtan çıxarılması istiqamətində konkret addımlar atılmayıb. Əksinə, hər il yeni-yeni təhsil ocaqları açılır ki, bu da Bakıya tələbə axınını daha da artırır. Bundan başqa unveristelərin yataxanaları ya yoxdur, ya da ki, bərbad vəziyyətdədir və insanlar övladlarının bu şəraitdə yaşamasını istəmir. Dördüncüsü isə, yeni mənzillərin kirayəyə verilməsi zamanı daha yüksək qiymətlərin müəyyən edilməsidir ki, bu da ümumi kirayə bazarında orta qiymətlərin yüksəlməsinə səbəb olur. Belə vəziyyət həm də paytaxtda gərgin demoqrafik vəziyyət yaradır".