Xaricdən gətirilən bitkilər daha böyük fəsadlar yaratmağa başlayır

7 Oktyabr 2013 16:07 (UTC+04:00)

Murtuzəli Hacıyev: "Fermerlərin problemi olsa, müraciət edə bilərlər"

Son illərdə bitkilər arasında yayılmağa başlayan bir sıra xəstəliklərin qarşısının alına bilməməsi artıq kənd təsərrüfatı sahəsində fermerlərin ciddi probleminə çevrilib. Bu günlərdə yayılan məlumata görə, Ucarın Xalac kəndində xurma bağlarına naməlum virus düşüb. 20 ildir ki, xurmanı yaxşı qiymətə xarici bazara satdıqlarını deyən fermerlər  əvvəllər bir ağacdan 200-400 kq olmaqla ilə 20-30 ton xurma yığdıqlarını bildirirlər və naməlum virusun əlindən oktyabrın 20-dən sonra bir məhsul belə tapmayacaqlarından narahatdırlar. Və yaxud da ki, Salyan rayonunda məşhur "xələc" üzümünə düşən  xalq arasında "qırmızı" adlandırılan xəstəliyə qarşı 3 ildir ki, mübarizə aparılsa da bir nəticəyə gəlinə bilməməsi problemin genişləndiyini göstərməkdədir. Qeyd edək ki, "Xələc" üzümü adi ilə taninan salyan üzümləri keyfiyyətinə, xüsusən şirinliyinə görə digər rayonlarda yetişdirilən üzümlərdən fərqlənir. Bitkilər arasında yayılan bu kimi xəstəliklərinin hardan gəlməsi, nədən qaynaqlanması haqda araşdırma apardıq. 


Kənd Təsərrüfatı Bitkilərinin Immuniteti laboratoriyasının müdiri Hacı Şıxlinski Mövqe.az-a bu haqda məlumat verərkən deyib: "Bu gün Azərbaycana xaricdən müxtəlif növlərdə bitkilər gətirilər. O növlərin əksəriyyəti ilə birlikdə müxtəlif xəstəliklər gəlir. Həmin xəstəliklər isə bizim respublikamızda əvvəlki dövrlərdə müşahidə olunmurdu. İndi yayılmağa başlayıb. Təbii ki, iqlim dəyişikliyi də buna səbəb ola bilər. Bitkilərə vurulan müxtəlif pestisidlər də buna səbəb ola bilər. Bunlar hamısı bu və ya digər xəstəliyin inkişafına səbəb ola bilən amillərdir. İlk öncə xəstəliyi dəqiq müəyyənləşdirmək lazımdır. Bunun üçün bizə nümunələr gətirilərsə, laborotoriya şəraitində araşdırmalar aparmağa da hazırıq. Xəstəliyin nə olduğu müəyyən olunandan sonra, bitkilərə haradan yoluxması da aydınlaşdırıla bilər". 


AMEA Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini Vahid Fərzəliyev saytımıza verdiyi açıqlamada məsələyə bu cür aydınlıq gətirib: "Əvvəla, bitkidə olan xəstəliyi düzgün müəyyənləşdirmək lazımdır. Konkret olaraq xəstəliyi müəyyən etmək lazımdır. Amma əsasən, xəstəliyin ölkəyə daxil olmasının mühüm səbəblərindən biri xaricdən gətirilən bitkilərlə bağlıdır. Məsələn, bəzək məqsədilə gətirilən bitkilər özləri ilə daha çox xəstəlik gətirirlər. Düzdür, iqlim dəyişkənliyinin də bu məsələyə təsiri var. Amma iqlim sadəcə o xəstəliyin geniş miqyasda yayılmamasına, artmasına təsir edir. Çünki, elə zərərvericilər var ki, iqlim şəraiti onlar üçün əlverişli olarsa, onlar çox geniş ərazilərdə yayılmağa başlayırlar. Amma yenə də qeyd etdiyim kimi, bitkilər arasında xəstəliyin yayılmasına əsas səbəb xaricdən gətirilən bitkilərlə gələn viruslardır. Bitkilər gətirilərkən onların yoxlanması ilə məşğul olan sanitar xidmət orqanları var. Bu, onların fəaliyyəti ilə bağlıdır. Kənd Təsərrüfatı Nazirliyinin xidmətində məhz bu məsələylə məşğul olan idarə var ki, bitkilərin yoxlanmasının həmin təşkilat aparır. Xaricdən gətirilən bitkilərin yoxlanması onların səlahiyyətindədir".  

  

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin katibi Murtuzəli Hacıyev isə narahatçılığa heç bir səbəb olmadığını və nazirliyin daxilində və ayrı-ayrı rayonlarda olan bitkilərərin mühafizəsi idarələrinin xəstəliklərə qarşı lazımi tədbirləri gördüyünü bildirib: "Kənd Təsəsrrüfatı Nazirliyi tabeçiliyində bitkiləri mühafizə idarəsi var. Bundan başqa, hər rayonda bitkiləri mühafizə idarələri yaradılıb. Rayonlarda fermerlərin bitkilərlə bağlı problemi olarkən həmin idarəyə müraciət edir və həmin idarənin mütəxəssisləri lazım olan preparatlarla xəstəliyə qarşı mübariz aparırlar. Yəni, bizdə nazirliyin bitkiçilik sahəsində elə bir problemi yoxdur. Dediyim kimi, hər regionda nazirliyin müəyən etdiyi bitkiçilik idarələri fəaliyyət göstərir. Onunla əlaqədar fermerlərin problemi olsa, müraciət edə bilərlər. Preparatlar da yoxlanılır, sınaqdan keçirildikdən sonra bitkilərə tətbiq olunur. İstənilən qədər də dərman preparatı var Azərbaycanda. Bitkilərdə problem olan zaman, fermer bizə müraciət edərsə, bizim əməkdaşlarımımızın da iştirakı ilə əraziyə baxış keçirilir, xəstəlik müəyyən olunur və lazımi dərman preparatı tətbiq olunaraq problem həll olunur".