Azərbaycan "Facebbok", "Twitter" kimi sosial şəbəkələrin sahiblərindən birinə çevrilə bilər

8 Oktyabr 2013 08:31 (UTC+04:00)

Dünyada məşhur sosial şəbəkələrdən biri, 9 milyard dollara yaxın dəyəri olan "Twitter" səhmlərinin bir hissəsinin satışa çıxarılması barədə qərar verib. Şirkətin 1 milyard dollarlıq səhmlərinin satışa çıxarılması nəzərdə tutulur. Hələlik alıcı qismində heç bir şirkətin adı açıqlanmasa da, bura meyllərin çox olacağı şübhəsizdir. Xatırladaq ki, digər məşhur sosial şəbəkə olan "Facebook" artıq səhmlərinin bir hissəsini satıb. Kifayət qədər məhşur olan bu sosial şəbəkələrin səhmlərinə Azərbaycanın da pul yatırmasının vacibliyinə dair təkliflər səslənməkdədir.

Ekspertlərin dəyərləndirməsinə görə, Dövlət Neft Fondunun xətti ilə və ya hansısa özəl şirkətin, sahibkarın bunu həyata keçirməsi üçün ilkin olaraq uzunmüddətli tədqiqat tələb olunur.

İqtisdçı-ekspert Məhəmməd Talıblı bildirir ki, ümumiyyətlə, hər bir dövlət dünyada yüksək reytinqə malik olan şirkətlərin səhmlərinin alınmasında maraqlı olur: "Həmin şirkətlər ciddi kapital imkanlarına malik olduğundan ağır risklərdən sığortalanırlar. Sığortalanan, eyni zamanda yüksək reputasiyaya malik olan şirkətlərin səhmlərinin alınmasını hər bir dövlət üçün arzuediləndir. Konkret dövlət olaraq Azərbaycan bu səhmləri ala bilməz. Amma büdcədən kənar fondlar var ki, onlar xarici ölkələrə investisiya edə bilirlər. Məhz Nef Fondu aktivləri hesabına xaricdə daşınmaz əmlaka və qiymətli kağızlara yatırım edə bilər. Təbii ki, belə investisiya strategiyası müəyyənləşən zaman həmin bazarın uzunmüddətli konyekturasını dəyərləndirmək lazımdır. Elə səhmlərə investisiya yatırmaq lazımdır ki, az riskli olsun. Hətta az gəlirli də ola bilər. Çünki, dövlət vəsaitlərindən istifadə zamanı bu cür konservativ siyasət daha düzgün hesab edilir. Amma kommersiya banklarının və biznes strukturlarının nöqteyindən yanaşanda məlum olur ki, onlar daha böyük riskli və gəlirli layihələrə can atırlar. Nəzərə alaq ki, Azərbaycanda büdcədən kənar fondların bu cür addım atması mümkündür. O zaman ictimai vəsaitlərin hansısa quruma deyil, ümumilikdə, bütün xalqa olduğunu nəzərə alanda məlum olacaq ki, belə bir addımın atılması üçün ciddi ölçü işi aparılmalıdır".

Ekspert bildirdi ki, istər "Facebbok", istərsə də "Twitter"in səhmlərinin alınmasına dünyada xeyli şirkətlər can atır: "Amma hər bir halda bu, uzunmüddətli dəyərləndirmədən sonra mümkün ola bilər. Müəyyən indikatorlar vasitəsi ilə qiymətləndirmələrdən sonra belə bir qərara gəlmək olar ki, şirkətin səhmlərini almaq Azərbaycan üçün nə dərəcədə sərfəlidir. Nəzərə almaq lazımdır ki, Neft Fondunun özü valyutanın diversifikasiya siyasətinə üstünlük verir. Əgər belə bir addım atılarsa, Azərbaycan regionda "Twitter"ə maraq, həvəs yaratmalıdır. Çünki, "Twitter"in nə qədər imkanları genişlənsə, rentabelliyi, mənfəti artsa, dolayısı ilə həmin səhmləri alan şirkət Azərbaycan dövlətinin də gəlirlərinə müsbət təsir göstərəcək. Ona görə də dünyada "Twitter" in istifadəçi sayına diqqət yetirmək lazımdır. Müəyyən işlər görmək lazımdır ki, yaxın müddətdə "Twitter"dən istifadəçilərin sayı artsın".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, hazırda "Twitter" sosial şəbəkələrin inkişaf etməkdə olan bir qoludur: "Ona görə də gələcəkdə "Twitter"in səhmlərinin qiyməti və "Twitter"in özünü inkişafı gözləniləndir. Bu prizmadan yanaşdıqda Azərbaycan iş adamlarının "Twitter"in səhmlərinin alınmasında təşəbbüs göstərməsi müsbət addım olaraq qiymətləndirilə bilər. Bu, həmçinin dünya İKT sisteminə inteqrasiyada, yeniliyin ölkəyə idxalında və gəlirlik baxımından mübət addım hesab edilir. Bundan başqa, Azərbaycan bu sahədə dövlət səviyyəsində də müəyyən siyasət həyata keçirməkdədir. Bu, onunla bağlıdır ki, son illər İKT-nin inkişaf etdirilməsi ilə bağlı xüsusi dövlət proqramları var. Daha yaxşı olar ki, bu tip şanslardan Dövlət Neft Fondu istifadə etsin".

Ekspert əlavə etdi ki, bizim sahibkarlar qısa müddətli dövr üçün deyil, daha uzun müddətli alqı - satqını həyata keçirərlərsə, heç də riskli sahə hesab edilə bilməz: "Çünki, "Twitter" hələ uzun müddət inkişaf yolu keçəcək. Onun günbəgün böyüməsi və müştərilərinin sayının artması istənilən halda səhmlərinin qiymətlərinin bahalaşmasına gətirib çıxaracaq".