YAP iki prezidentliyə namizəddən və iki qəzetdən MSK-ya şikayət edib

8 Oktyabr 2013 12:55 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) prezidentliyə namizədlər İqbal Ağazadə, Cəmil Həsənli, eyni zamanda "Azadlıq", "Yeni Müsavat" qəzetləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət edib.


YAP-dan APA-ya verilən məlumata görə, müraciətin səbəbi adları qeyd olunan namizədlərin və qəzetlərin təşviqat kampaniyası başa çatdıqdan sonra da təbliğat-təşviqat kampaniyasını davam etdirmələri, bununla da Seçki Məcəlləsini kobud şəkildə pozmalarıdır.

 

YAP-dan bildirilib ki, Seçki Məcəlləsinin 75.1 maddəsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmağın qadağan olmasına baxmayaraq, "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin 8 oktyabr tarixli sayında qanunun bu maddəsi kobud surətdə pozularaq prezidentliyə namizədliyi "Milli Şura" deyilən qurum tərəfindən irəli sürülmüş Cəmil Həsənlinin seçki təşviqatına həsr edilmiş geniş materiallar dərc edilib.

 

"Adı çəkilən hər iki qəzetin səhifələrində prezidentliyə namizəd Cəmil Həsənlinin təbliğinə yönəlmiş geniş materiallar verilib, adı çəkilən namizədin digər prezidentliyə namizədlər əleyhinə çağırışları dərc edilib. Qeyd etmək lazımdır ki, "Yeni Müsavat" qəzetində Seçki Məcəlləsinin tələblərinin kobud pozuntusunu ehtiva edən daha bir reklam - prezidentliyə namizəd İqbal Ağazadənin seçkiqabağı təbliğat materialı yerləşdirilib. YAP bütün bu qanun pozuntularının araşdırılması və hüquqi qiymət verilməsi üçün Mərkəzi Seçki Komissiyasına məktubla müraciət edib", - deyə hakim partiyadan bildirilib.