UNİCEF və Azərbaycan Milli Paralimpiya Komitəsi arasında əməkdaşlıq haqda memorandum imzalanıb

8 Oktyabr 2013 13:21 (UTC+04:00)

Bu gün Bakıda BMT-nin Uşaq Fondu (UNİCEF) və Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) arasında Uşaq Paralimpiya Hərəkatı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumun imzalanma mərasimi keçirilib.


APA-nın məlumatına görə, memorandumun imzalanmasının məqsədi Uşaqların Paralimpiya Hərəkatını beynəlxalq standartlar səviyyəsinə gətirmək üçün UNİCEF və AMPK-nın səylərini bir araya gətirilməsidir.

 

Mərasimdə çıxış edən UNİCEF-in Azərbaycan nümayəndəliyin rəhbəri Mark Herevard deyib ki, bu gün Azərbaycanın həyatında yeni era başlayır: "Azərbaycan dünyada birinci ölkədir ki, Uşaq Paralimpiya Komitəsini təsis edir. Bu, əlilliyi olan uşaqların cəmiyyətinə inteqrasiya edilməsi üçün yaxşı imkandır. Bu sahədə çalışan ən yaxşı mütəxəssislər buraya toplaşacaq".

 

M.Herevard əlavə edib ki, memorandumun imzalanmasından sonra əlil uşaqların məlumat bazası yaradılacaq və idmana marağı olan uşaqlar bu baza vasitəsilə müəyyən ediləcək, onlara lazımı dəstək veriləcək.

 

AMPK prezidenti İlqar Rəhimov isə bildirib ki, UNİCEF Azərbaycanda böyük işlər görür. O, Azərbaycana təcrübələrin və biliklərin gətirilməsi və burda tətbiq edilməsi sahəsində gördüyü işlərə görə təşkilata təşəkkür edib: "Əminəm ki, bu başlanğıc davamlı olacaq. Uşaq Paralimpiya Hərəkatına uğurlar arzu edirəm".

 

Daha sonra İ.Rəhimov və M.Herevard tərəfindən Uşaq Paralimpiya Hərəkatı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb, gənc əlil idmançılara xatirə medallar verilib.

 

Qeyd edək ki, memorandumu imzalamaqla UNİCEF və AMPK əlilliyi olan uşaq və yeniyetmələrin idman və oyunlarda iştirak etməsi üçün daha geniş və daha yaxşı imkanlar yaradılması və onların cəmiyyətə inklüzivliyinin təmin olunması sahəsində birgə fəaliyyət göstərmək üçün öhdəlik götürürlər.