Mobil operatorlar nazirlikdən hələ də möhlət istəyirlər

8 Oktyabr 2013 15:33 (UTC+04:00)

"Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları Mobil Nömrələrin Daşınması sisteminin tətbiqi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən möhlət istəyiblər". Bu sözləri Movqe.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov söyləyib. Nazirlik səlahiyyətlisi bildirib ki, mobil operatorlar nömrə daşınma sisteminin tətbiqi üçün RİTN-dən qısa müddətdə vaxt istəyiblər: "Mobil operatorlar RİTN-dən növbəti dəfə bu sistemə keçidi reallaşdırmaq üçün qısa müddətdə möhlət istəyiblər. Ona görə də, nazirlik mobil operatorların nömrə daşınma sisteminə keçidi yubatmasına görə məhkəməyə müraciəti hələki təxirə salıb. Mobil operatorların götürdükləri öhdəliyə görə, nömrə daşınma sistemə keçid qısa müddətdə reallaşmalıdır". 

Qeyd edək ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbas jurnalistlərə açıqlamasında bildirmişdi ki, mobil rabitə operatorları Mobil Nömrələrin Daşınması sisteminin tətbiqi ilə bağlı hər yubanma gününə görə məsuliyyət daşıyırlar. Xatırladaq ki,  avqustun 1-dən etibarən mobil nömrələrin danışması layihəsi reallaşdırılmalı idi. Bir müddət öncə  Əli Abbasov mobil nömrələrin daşınması prosesinə avqustun 1-dən etibarən başlamayan mobil rabitə operatorlarının cəzalandırılacağını vurğulamışdı.