Rusiya Xəzər və Qara dəniz ətrafına hücum təyinatlı hərbi texnikalar cəmləşdirir

8 Oktyabr 2013 16:34 (UTC+04:00)

Rusiya Xəzər və Qara dəniz ətrafı əraziləri əhatə edən Cənub Hərbi Dairəsinə yeni hücum təyinatlı hərbi texnikalar cəmləşdirir.


APA-nın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, cari ilin sonuna kimi Cənub Hərbi Dairəsinin hərbi hissələri 450-dən artıq müasirləşdirilmiş hərbi texnika - yük və nəqliyyat avtomobilləri, özüyeriyən artilleriya sistemləri, zirehli avtomobillər, müxtəlif raket kompleksləri alacaq. Bölgədəki hərbi hissələrin silahlanmasına 100 ədəd raket-artilleriya sistemi, o cümlədən "İskəndər-M" operativ-taktik raket kompleksləri, 120 mm çaplı 2S9 "Nona-C" özüyeriyən haubitsa, "Xrizantema-S" tank əleyhinə raket kompleksləri daxil edəcək.

 

Hərbi dairənin motoatıcı və kəşfiyyat bölmələri isə 250-dən artıq BTR-82A yeni zirehli transportyor, "Tayfun" və "Tiqr-M" tipli zirehli nəqliyyat vasitələri ilə təchiz ediləcək.

 

Qeyd edək ki, Rusiya 2008-ci ildə Gürcüstanla hərbi münaqişədən sonra Cənub Hərbi Dairəsində sürətli silahlanma işləri aparır. Bu kontekstdə Dairənin tərkibinə daxil olan Ermənistandakı 102-ci hərbi baza da yeni hərbi texnikalarla təchiz olunur.