Mobil telefon, planşet istehsalı Azərbaycanda da həyata keçirilə bilər

8 Oktyabr 2013 17:41 (UTC+04:00)

Natiq Cəfərli: "Bir sıra industrial dəyişikliklər, güzəştlər həyata keçirmək lazımdır"


Texnologiyanın yüksək şəkildə inkişaf etdiyi bir dövrdə Azərbaycanda da, dünya ölkələrində olduğu kimi, telefon, planşet və s. məhsullar geniş marağa səbəb olduğundan, yüksək alıcı kütləsinə malikdir. Bu kimi məhsulların Azərbaycan bazarına sürətlə axınının müşahidə olunduğu bir dövrdə, araşdırmalar göstərir ki, gətirilən məhsullar Azərbaycanda istehsal olunduqları ölkələrə nisbətən qat-qat baha qiymətə müştərilərə təqdim olunur. Təbii ki, bunun əsas səbəbi xarici ölkələrdən gətirilərkən məhsulların gömrük, daşınma xərcləri və s.-dir. Digər tərəfdən bel əməhsulları gətirənlər daha çox qazanc ələd etmək üçün onun üzərinə kifayət qədər böyük məbləğdə mənfəət dərəcəsi qoyurlar. Bir sıra xarici ölkələrdə belə məhsulların ucuz başa gəlməsini təmin etmək üçün onları istehsal edən şirkətlərin ölkə daxilində filialları açılır. Məsələn, Çimn bu təcürəbədən geniş istifadə edir. Eyni məhsullar artıq Çində də istehsal olunduğu üçün ölkə əhalisinə uyğun qiymətlərlə təqdim olunur. Bu anoloji təcrübənin Azərbaycan bazarında da tətbiq olunması zəruri sayılır. 


İqtisadçı-ekspert Vüqar Bayramov məsələ ilə bağlı Movqe.az-a verdiyi açıqlamada bu təcrübənin Azərbaycanda tətbiqinin qiymətlərin aşağı düşməsinə səbəb olacağını bildirib: "Azərbaycanda bu anoloji təcrübədən istifadə etmək üçün imkanlar var. Birmənalı şəkildə yerli istehsalın yaradılması qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq. O baxımdan, təbii ki, Azərbaycanda hər hansı firmanın telefonlarının və ya müxtəlif məhsullarının istehsal olunması məqsədəuyğundur. Bu gün Çin böyük bazardır. Çin böyük bazar olmaqla, məhsulların xarici ölkələrə ixracatını həyata keçirir. Çinin özəlliyi ondan ibarətdir ki, Çində məhsulların ixracatı həyata keçirilir. Bu da imkan verir ki, ordan məhsulların istehsalını aparmaq mümkün olsun. Azərbaycan bazarı, əhalinin sayı da az olduğu üçün Çin bazarı ilə müqayisədə kiçikdir. Amma ölkə əhalisi üçün normaldır. Bu baxımdan, Azərbaycanda telefonla təmin olunan insanların sayı çoxdur. Orta hesabla Azərbaycanda, demək olar ki, hər nəfərə bir telefon düşür. Bu da praktiki olaraq, telefonun qiymətinin neçəyə olmasına baxmayaraq, təminat səviyyəsinin yüksək olmasından xəbər verir. O baxımdan, qiymətlərin tənzimlənməsi üçün və artımın qarşısını almaq üçün istehsalın formalaşdırılması əlverişli üsuldur". Ekspert Azərbaycan bazarının hələ bu sahədə yerli istehsala uyğun olmadığını deyib: "Amma mən güman etmirəm ki, Azərbaycan bazarı yerli telefon istehsalı üçün uyğun bazar olsun. Çünki, nəzərə almaq lazımdır ki, şirkətlər öz yerli istehsallarını quran zaman çalışırlar ki, böyük bazarlara üz tutsunlar. O baxımdan, indiki zamanda həmin məhsulların Azərbaycan bazarında istehsalının qurulması inandırıcı görsənmir. Sadəcə, qiymətlənlərin tənzimlənməsi üçün daha uyğun qiymətlərin təqdim olunması məqsədəuyğundur". 

İqtisadçı-ekspert Natiq Cəfərli isə xarici investorları Azərbaycana cəlb etmək üçün bir sıra industrial dəyişikliklərə ehtiyac olduğunu bildirib: "Təcrübəni tətbiq etmək mümkündür. Amma bunun üçün industrial dəyişikliklər lazımdır. Digər tərəfdən vergi güzəştləri tətbiq etmək lazımdır. Onlara şəraitin yaxşılaşdırılması üçün müəyyən təşviqedici addımlar atılmalıdır. Bununla yanaşı, o da məlumdur ki, bu təcrübə ölkəmizdə tətbiq olunsa, Çində açılan zavodun işçisinin əmək haqqı ilə Azərbaycanda açılan zavoddakı əmək haqları eyni olmayacaq. Səbəb odur ki, Azərbaycanda həyat səviyyəsi Çinə nisbətən çox bahadır. Ona görə də, bir sıra industrial dəyişikliklər, güzəştlər həyata keçirmək lazımdır. Əgər dövlət tərəfindən təşviq siyasəti həyata keçirilsə, bu mümkün olar. Amma Çin bazarı artıq dünya üzrə o qədər doyub ki, yəni Asiya dövlətləri bu bazarda o qədər güclü mövqe qazanıblar ki, Azərbaycanın yenidən bu bazara daxil olması bir az problemli olacaq. Çünki, Asiya bazarında belə müəssisələr açılarkən yerli tələbatı nəzərə alaraq açırlar. Xarici ixracatdan başqa yerli tələbat da nəzərə alınır. Asiya dövlətlərində əhalinin sayı həddindən artıq yüksək olduğundan, hər hansı bir zavod açılırsa, bu məhsulun ən az 70-80%-ni daxili bazarda satmaq nəzərdə tutulur, bu haqda düşünülür. Azərbaycanda isə daxili bazar o qədər də böyük deyil. Azərbaycanın 9 milyon əhalisi var və bazar da buna uyğun olaraq, o qədər də böyük deyil. Bu səbəbdən investorlarda burda filiallar açmaq üçün maraq yoxdur. Onlarda maraq oyatmaq üçün, dediyim kimi, bir sıra industrial addımlar atmaq lazımdır"